07 avqust 2025 13:24
141

Narkotiklərin qanunsuz dövriyyəsi ilə gömrük orqanlarının əsas vəzifələrdən biri kimi

Müasir dünyanın əsas problemlərindən biri hesab edilən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal xarakter alaraq bəşəriyyətin bu günü və gələcəyi üçün böyük təhlükə yaradır. Bu baxımdan dünya dövlətləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının aşkar edilməsində və qanunsuz dövriyyəsinin qarşısının alınmasında, habelə bu fəaliyyət nəticəsində dəyə biləcək zərərlərin minimuma endirilməsi məqsədilə narkomanlığa qarşı mübarizə üsullarını və müalicə metodlarını daha da təkmilləşdirir və beynəlxalq səviyyədə qarşılıqlı əməkdaşlıq imkanlarını artırırlar.

Müasir dövrdə Azərbaycan Respublikası üçün də əsas təhdidlərdən birini narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı təşkil edir. Bu məsələyə gömrük sahəsi nöqteyi-nəzərindən baxarkən ilk öncə bir sıra mühüm məqamları vurğulamaq lazımdır. Ölkəmizin ərazisindən beynəlxalq nəqliyyat kommunikasiyaları keçir və onlar gündən-günə daha da genişlənir, buna uyğun olaraq yük daşınmaları da artmaqda davam edir. Ölkəmizdə narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan dövlət qurumlarından biri də, Azərbaycan Respublikasının gömrük orqanlarıdır. Ölkəmizin iqtisadi təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanan gömrük orqanları özlərinin əsas vəzifələrindən biri kimi qaçaqmalçılıq hallarına, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində, hüquq-mühafizə fəaliyyətini gücləndirməklə məqsədyönlü tədbirlər həyata keçirir. Son illər ərzində Dövlət Gömrük Komitəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə gömrük nəzarətinin və əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi, risklərin idarə olunması sisteminin təkmilləşdirilməsi, əməkdaşların peşəkar hazırlığının artırılması, maddi-texniki bazanın genişləndirilməsi, aidiyyəti milli, regional və beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən gömrük infrastrukturunun müasir dövrün tələbləri səviyyəsində qurulması istiqamətində işlər davam etdirilmiş, xüsusilə Cənub istiqamətindən artan narkotəhdidlər nəzərə alınmaqla Astara gömrük postunda, Biləsuvar gömrük postunda, həmçinin Samur, Qırmızı Körpü, Culfa, eləcə də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal 1 Beynəlxalq Hava Limanı, Naxçıvan Beynəlxalq Hava Limanı gömrük postlarında son texnologiyalara cavab verən stasionar tipli yoxlama baxış sistemləri  quraşdırılmış, Xaçmaz Gömrük İdarəsinin Xanoba gömrük postunda, Naxçıvan Baş Gömrük İdarəsinin  Sədərək gömrük postunda aparılan tikinti işləri yekunlaşdırılmış, həmçinin işğaldan azad edilmiş ərazilərə xidmət üçün Şərqi Zəngəzur Gömrük İdarəsi yaradılmaqla ən müasir tipli texniki nəzarət vasitələri ilə təmin olunmuşdur. Bunlardan əlavə, Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən ünikal imkanlara malik Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) hazırlanıb və 2024-cü ilin yanvar ayından tətbiqinə başlanılmışdır.

Qeyd etmək yerinə düşər ki, gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində son 5 il və cari ilin müvafiq dövrü ərzində narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 476 fakt aşkar olunmuşdur. Bu faktlar üzrə  ümumilikdə 7 ton 70 kiloqramdan artıq narkotik vasitələr,  psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülmüşdür.

Götürülmüş narkotiklərin 73.4 %-ni daha təhlükəli ağır narkotiklər olan heroin və metamfetamin təşkil etmişdir.

Müvafiq olaraq 4 ton 598  kq  qram heroin, 595 kq metamfetamin,  799 kq tiryək, 85 kq həşiş, 978 kq marixuana və digər  maddələr qanunsuz dövriyyədən çıxarılmışdır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar aşkar edilmiş iri faktlar üzrə istifadə olunan əsas marşrutlar kimi İran-Ukrayna, İran-Türkiyə və İran-Rusiya qeyd edilməlidir.

Həmçinin Avropa dövlətlərinə (Niderland, Polşa, Almaniya, Bolqarıstan, Belçika, Avstriya və sair) göndərilən iri partiya narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmışdır.

Əsas diqqət çəkən məqamlardan biri son illər (2024-cü il və 2025-ci ilin müvafiq dövrü) ərzində Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçməklə Rusiya Federasiyasına narkotik vasitə olan marixuananın iri partiyalarla daşınmasına cəhd edilməsidir. Narkotik vasitələr meyvə-tərəvəz yüklərində (kahı, alma, gavalı, üzüm, qarpız) gizlədilərək İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyası oradanda Avropa ölkələrinə çatdırılması nəzərdə tutulurdu.

Narkotik maddələrin qanunsuz olaraq ölkə ərazisinə daxil olmasının və keçirilməsinin qarşısını almaq üçün Dövlət Gömrük Komitəsi əməkdaşları tərəfindən bir çox uğurlu tədbirlər həyata keçirilmişdir.

23.02.2025-cü il tarixdə Rusiya Federasiyası vətəndaşı idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü apararkən saxlanılmışdır. Yoxlama zamanı fiziki görünüşcə kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilmiş bağlamalarda 75 kq 705 qram narkotik vasitə marixuana götürülmüşdür.

15.03.2025-cü il tarixində Rusiya Federasiyası vətəndaşı idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü apararkən saxlanılmışdır. Yoxlama zamanı 2 ədəd paletdə ümumilikdə  264 ədəd falqaya bükülmüş formada üzəriləri kahı ilə sarınaraq fiziki görünüşcə kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilmiş bağlamalar aşkar edilmişdir. Daha sonra həmin bağlamalar açılmış, sayılmış, çəkilmiş və 264 ədəd bağlamalarda ümumi çəkisi 82 kq 590 qram narkotik vasitə marixuana aşkar olunmuşdur.

01.05.2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından  Rusiya Federasiyasına “təzə qarpız” yükü apararkən saxlanılmış və  gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı 42 ədəd qutuda olan qarpızlardan 84 ədədinin içərisi kəsilərək içərisinə yerləşdirilmiş və sonradan fiziki görünüşcə yenidən qarpız formasına salınmış qarpızların içərisindən  ümumilikdə  41 kq 520 qram narkotik vasitə marixuana aşkar olmuşdur.

Daxil olmuş əməliyyat məlumatına əsasən, Rusiya Federasiyası vətəndaşı idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə qarpız” yükü apararkən, 14.06.2025-cü il tarixdə saxlanılmış və gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı 16 ədəd paletdə qarpız yükünün altında hər paletdə 4 ədəd olmaqla gömrük nəzarətindən gizlədilmiş şəffaf sellofana bükülmüş, ümumilikdə 64 ədəd bağlama aşkar edilmişdir. Daha sonra həmin bağlamalar açılmış, sayılmış, çəkilmiş və 64  ədəd bağlamada ümumi çəkisi 195 kq 95 qram marixuana olduğu məlum olmuşdur.

Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə digər dövlət orqanları, təşkilatlar, başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları, beynəlxalq təşkilatlarla əməkdaşlıq çox vacibdir. Sadə dillə desək "tək əldən səs çıxmaz". Bunu nəzərə alaraq bu sahədə əməkdaşlıq genişləndirilir və bu proses yeni templərlə davam etdirilməkdədir. Azərbaycan Respublikası gömrük orqanları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı digər məsələlər barədə məlumatlar bir sıra dövlət orqanları ilə və beynəlxalq səviyyədə mübadilə edilmişdir.

Narkoqaçaqmalçılıq cinayətlərinin iki və daha artıq ölkələrin ərazisində hazırlanıb həyata keçirilməsi nəzərə alınmaqla Dövlət Gömrük Komitəsi beynəlxalq əməkdaşlığa xüsusi önəm verərək bu sahədə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görmüşdür. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsi, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi, Ümumdünya Gömrük Təşkilatı və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Konteyner Nəzarət Proqramı, Rusiya Federal Gömrük Xidməti, Türkiyə Respublikası Ticarət Nazirliyi və bir sıra başqa beynəlxalq  və regional təşkilatlar, xarici ölkələrin gömrük və müvafiq səlahiyyətli dövlət orqanları ilə əməkdaşlıq həyata keçirilərək məlumat və təcrübə mübadiləsi aparılmış, işçi görüşlər keçirilmişdir.

Həmçinin gömrük əməkdaşlarının bilik və bacarıqlarının, təcrübələrinin artırılması məqsədilə Ümumidünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində və Dövlət Gömrük Komitəsinin Akademiyasında mütəmadi olaraq təlimlər və seminarlar keçirilmişdir.

Bütün yuxarıda qeyd olunanlar gömrük orqanlarının narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əzmini nümayiş etdirməklə yanaşı, gömrük xidmətinin bundan sonra daha böyük səylə xalqımızın sağlamlığının və firavan həyatının təmin edilməsi uğrunda çalışacağını bir daha təsdiq edir.  

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi
Əməliyyat İdarəsi Narkotiklərlə mübarizə şöbəsi