44 günlük haqq savaşımızda tarixi zəfərimizin əldə olmasında minlərlə Vətən övladı ilə bərabər şəhid İlkin Kazımov da böyük şücaət göstərib. Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəmanlardan söz düşəndə həmişə İlkinin adı böyük fəxrlə çəkilir. Doğma Astarada kiçik də, böyük də İlkini böyük məhəbbətlə yad edir, onun şərəfli ömür yolunu örnək sayırlar.
Canından artıq sevdiyi Azərbaycanın daşına, torpağına ürəkdən bağlı olan gizir İlkin Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə birincilər sırasında qatılıb. İştirak etdiyi döyüşlərdə rəşadət nümunəsi göstərib, düşmənə ciddi itkilər verməklə tanınıb. Mərdliyi, qəhrəmanlığı onunla çiyin-çiyinə vuruşan yoldaşlarını qələbəyə ruhlandırıb. Daha sonra İlkin Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Müharibə meydanında sözün əsli mənasında yağının kabusuna çevrilib. Elə Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirilməsi zamanı şəhid olub. Doğulub boya-başa çatdığı Astaranın Artupa kəndində sevdalandığı torpağın sinəsinə baş qoyub. Ölümündən sonra "Vətən uğrunda", Suqovuşanın, Laçının azadlığına görə medallara layi görülüb.
İlkin Kazımovun Vətənlə döyünə ürəyi dayananda 25 yaşında olub. Fəqət, şəhidlər ölmür, əbədi yaşayırlar. Aylar, illər ötsə belə zəfər tariximizin müəlliflər heç vaxt unudulmaz. Əbədi olaraq yaddaşlarda yaşayan İlkin Kazımov ulduzlu dünyasında 30 yaşına çatdı. Astaralılar öz qəhrəman oğlunun ad gününü adəti üzrə qürurla qeyd etdilər. Ziyarətçilər onun yatdığı müqəddəs torpağa baş çəkdilər, ehtiram əlaməti olaraq məzarı önünə gül dəstələrini düzdülər.
Çıxışlar zamanı bildirildi ki, İlkin Vətən, bizlər üçün öz canını fəda edib. Ölümsüzlüyə qovuşan qəhrəman oğlumuz hər cür sevgi və məhəbbətə layiqdir. Milyonların ürəyində özünə əbədi məkan quran İlkinin adı həmişə Vətənlə birgə çəkilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü