08 avqust 2025 21:56
118

Şərəfli həyat yolu

44 günlük haqq savaşımızda əsir düşən Qarabağımızı azad etmək naminə düşmənlə ölüm-dirim savaşında hünər göstərib adını tariximizin şərəfli səhifəsinə yazan zəfər şəhidlərimizdən bir də Zaur Nizami oğlu İsmayılzadədir. Lənkəran rayonunun İstisu qəsəbəsində boya-başa çatan Azərbaycan xalqının qəhrəman oğlu canından artıq sevdiyi Vətənin çağırışına gedəndə ömrünün 25-ci ilini yaşayırdı. İndi əlçatmaz, ünyetməz bir dünyanın sakini olan Zaurun 30 yaşı tamam oldu. Canını Vətən, xalq yolunda fəda edən Zaurun xatirəsi hər bir lənkəranlı üçün çox əzizdir. O, ürəklərdə yaşamaqla həmişə böyük iftixarla xatırlanır. Doğum günündə bir daha bu ilahi sevginin şahidi olduq. Yatdığı müqəddəs yerə tər güllərdən çələng hörən mərasim iştirakçıları böyük qürur hissi ilə Zaurun doğma yurda sonsuz sevgisindən, müharibədə göstərdiyi hünərdən söz açdılar. O da bildirildi ki, Vətən, torpaq naminə şəhid olanlar heç vaxt ölmürlər. Bizim Zaurda Qarabağımızın xilaskar ərənləri kimi tarixin yaddaşına düşdü, qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna döndü. Onun şərəfli həyat yolu gələcək nəsillərə də örnəkdir

Onu da deyək ki, Zaur İsmayılzadə ilk gücünü erməni dığalarına Aprel döyüşləri zamanı göstərib. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında hərbi qulluqçu olaraq savaşıb, mərdliyi, qəhrəmanlığı dillərdə dastan olub. O, döyüşün sonlarında ağır yaralanıb və səhhətində problemlər yarandığı üçün 2017-ci ildə ordudan tərxis olunub. Vətən müharibəsi zamanı Zaur İsmayılzadə sentyabrın 29-da könüllü ordu sıralarına qatılıb, qeyrətli oğullarla bərabər səngərdə öz yerini alıb. Ən çox Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Neçə-neçə müharibənin qalibi olan qəhrəman oktyabrın 7-də elə müharibə meydanında yağı gülləsinə tuş gəlib, ürəyi əbədi olaraq dayanıb. Lənkəranda sevdalandığı doğma torpaq onu öz ağuşuna alıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Şuşanın azadlığına görə medalları ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü