11 avqust 2025 09:27
291

Səssiz terrora qarşı təkbaşına mübarizə - Mina təhlükəsi

Müharibədən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qarşılaşdığı ən ciddi təhlükələrdən biri mina terrorudur. Ermənistanın bölgəni tərk edərkən əraziləri kütləvi şəkildə minalaması təkcə təhlükəsizlik problemi deyil, eyni zamanda, humanitar fəlakətə çevrilib. Minalar səbəbindən çoxsaylı mülki və hərbi şəxslər həyatını itirib və ya ağır xəsarətlər alıb. Bu terror aktı Azərbaycanın bərpa və yenidənqurma prosesinə ciddi maneələr yaradır və bölgənin dinc həyata qayıdışını ləngidir. Mina problemi beynəlxalq hüququn pozulması olmaqla yanaşı, sülh və sabitlik çağırışlarına zidd bir davranışdır.

Minaların geniş və məqsədli şəkildə mülki əhalinin geri dönüşünü əngəlləmək üçün istifadə olunması həqiqətən də erməni barbarlığının bariz nümunəsidir. Dünyada bu cür mina terroruna bənzər hallar olsa da, bu qədər məqsədli şəkildə mülki sahələrin, qəbiristanlıqların, evlərin və hətta su quyularının minalanması nadir hallarda müşahidə olunub. Bəzi bölgələrdə-məsələn, Kamboca, Angola, və Əfqanıstanda da minalar geniş yayılıb, amma əsasən uzunmüddətli müharibələrin nəticəsi kimi. Lakin Ermənistanın Azərbaycana qarşı tətbiq etdiyi mina siyasəti - planlı, sistemli və siyasi məqsədli terrordur.  Bu, təkcə hərbi deyil, etnik təmizləmə və mülki terror aləti kimi istifadə olunub. Bu səviyyədə bir vəhşiliyi və planlı mina strateqiyasını tətbiq edən ikinci bir xalq nümunəsi az tapılar.

Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığını yerinə yetirən Azərbaycan Ordusuna məxsus hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən əvvəldən basdırılmış minaya düşüb. Hadisə nəticəsində ciddi itkilərin olması mina terrorunun hələ də davam etdiyini və bölgədə təhlükəsizliyin sistemli şəkildə hədəf alındığını göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan regionda sülh və sabitliyə mane olmaq üçün planlı şəkildə minalardan terror vasitəsi kimi istifadə edir.

Dövlət başçımız dəfələrlə çıxışı zamanı mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətin laqeyd münasibətinə diqqət çəkərək, bunun ciddi haqsızlıq və ikili standartların növbəti nümunəsi olduğunu vurğulayıb. O, qeyd edib ki, dünyada mina təmizlənməsi ilə məşğul olan beynəlxalq QHT-lər və fondlar olmasına baxmayaraq, indiyədək heç biri Azərbaycana dəstək göstərməyib. Azad olunmuş ərazilərdə aparılan mina təmizləmə və bərpa işləri tam şəkildə Azərbaycan dövlətinin daxili imkanları hesabına həyata keçirilir. Bu münasibət beynəlxalq təşkilatların ədalətdən uzaq mövqeyini və siyasi selektivliyini bir daha ortaya qoyur.

2020-ci ilin noyabr ayından bu günə qədər 400 nəfərdən artıq adam mina terrorunun qurbanı olub. Bu rəqəmlər mina təhlükəsinin hələ də ciddi problem olaraq qaldığını və beynəlxalq ictimaiyyətin bu məsələyə diqqət yetirməsinin vacibliyini göstərir. Azərbaycan dövləti vətəndaşlarının həyat və sağlamlığını qorumaq üçün üzərinə düşəni maksimum şəkildə yerinə yetirir. Lakin mina təhlükəsi səbəbindən vətəndaşların illərdir həsrətində olduqları doğma torpaqlara kütləvi və azad səfərlərinə müəyyən məhdudiyyətlər tətbiq edilməsinə də məcbur qalır. 

Bəzi hallarda bu məhdudiyyətlər vətəndaş narazılığı ilə qarşılaşsa da, baş verən mina partlayışları dövlət qurumlarının ehtiyatlı yanaşmasının və qəbul etdiyi qərarların nə qədər haqlı olduğunu bir daha təsdiqləyir. Mina təmizlənməsi bitməyənə qədər hər kəsdən məsuliyyətli və anlayışlı davranmaq tələb olunur.

Göründüyü kimi, mina təhlükəsi Azərbaycanın təhlükəsizlik və humanitar gündəliyində ən vacib məsələlərdən biri olaraq qalır. İşğaldan azad edilmiş ərazilərdə insanların azad və təhlükəsiz şəkildə yaşaması üçün bu problemin aradan qaldırılması strateji prioritetdir. Beynəlxalq təşkilatların susqunluğu fonunda Azərbaycan bu təhlükəni təkbaşına aradan qaldırmaq üçün böyük resurs və enerji sərf edir. Bu kontekstdə həm vətəndaş məsuliyyəti, həm də beynəlxalq ədalətin təmin olunması məsələsi daha da aktuallaşır.

 

Şəmsiyyə Əli qızı,”İki sahil”