Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş keçirildi, Birgə Bəyannamə imzalandı. Sənəddə qeyd olunur ki, Azərbaycan, Ermənistan və ABŞ liderləri iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in mətninin paraflanmasının şahidi oldu, Sazişin imzalanması və ratifikasiyası istiqamətində işlərin davam etdirilməsinin zəruriliyi və dövlətlər arasında sülhün təmin edilməsi və möhkəmləndirilməsinin vacibliyi vurğulandı.
Bu hadisə Azərbaycanın həm növbəti diplomatik uğurudur, həm də İkinci Qarabağ Müharibəsinin nəticələrini, həm də son illərin bütün strateji nailiyyətlərini özündə birləşdirən tarixi qələbədir. Amma bundan da önəmlisi erməni lobbisi və onun Qərbdəki nüfuzlu havadarlarının ölkəmizə qarşı apardığı uzunmüddətli dezinformasiya kampaniyası üzərində ədalətin qələbə çalmasıdır.
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycan mətbuatının nümayəndələrinə müsahibəsində imzalanmış sənədlərin tarixi əhəmiyyətindən, Amerika ictimaiyyəti tərəfindən Azərbaycanı qəbul olunmasından, Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev bir çox dövlət xadimlərinin çəkindiyi işi etdi - ölkəmizə qarşı uzunmüddətli informasiya müharibəsini ruhlandıran və aparanların adını açıq şəkildə çəkdi. Dövlət başçısı bəyan etdi ki, “Washington Post”, “New York Times”, “Newsweek” və bir çox başqa media qurumları mütəmadi olaraq Azərbaycan haqqında şayiələr yayır, bizə hücum edir, təhqiramiz yazılar dərc edir və əslində, Amerika ictimai rəyini çaşdırırdılar və bu cür hücumların əsas mənbəyi bu gün hətta Ermənistanın özünün maraqlarına zidd fəaliyyət göstərən erməni lobbisi olub. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsindən danışan İlham Əliyev deyib: "Prezident Trampın şahidliyi ilə Ermənistanın Baş nazirinin şəxsən imzaladığı birgə bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı mövqeyimizi dəqiq əks etdirən müddəa var. Sənəddə bu, Ermənistanın suverenliynə hörmət prinsipi ilə qeyd olunub. Beləliklə, biz istəyirdik ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz giriş əldə edək. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imza atdığı öhdəlik idi, lakin beş il ərzində heç bir irəliləyiş olmamışdı.”
Dövlət başçısı vurğulayıb ki, bu layihə illərdir Azərbaycana qarşı işləyən Robert Menendez, Adam Şiff, Frank Pallon, Nensi Pelosi, Bred Şerman, Ed Marki, Kristofer Smit və başqalarının, yəqin ki, erməni lobbisinin pulu ilə qurduqları bütün anti-Azərbaycan rəvayətlərini məhv etdi. Azərbaycan Prezidenti qeyd edib ki, dezinformasiya təkcə KİV-lər tərəfindən deyil, həm də Human Rights Watch, Freedom House, eləcə də USAİD və Azadlıq Radiosu kimi QHT-lərin təsiri ilə formalaşmış ABŞ administrasiyasının nümayəndələri tərəfindən yayılıb.
K.Bayramov əlavə edib ki, Azərbaycan tərəfi bu barədə əvvəllər də dəfələrlə danışıb, lakin indi bütün bu əsaslı ittihamlar Vaşinqtondan bütün dünyaya səslənib. Bu, Prezident İlham Əliyevin təkcə dünya erməniləri və onların Amerika siyasətçiləri və jurnalistləri arasında olan tərəfdarları üzərində qələbəsidir. Bu, Azərbaycan həqiqətlərinin, ölkənin məqsədləri və onlara nail olmaq yollarının növbəti təntənəsidir.