Avropa İttifaqı ölkələrinin liderləri ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında Alyaskada gözlənilən danışıqlar fonunda Ukrayna ilə bağlı bəyanat verərək, konstruktiv sülh danışıqlarının yalnız atəşkəs və ya hərbi əməliyyatların azaldılması kontekstində baş tuta biləcəyini iddia edirlər.
“İki sahil” xəbər verir ki, Bəyanatın mətni Aİ Şurasının saytında dərc olunub.
"Ukraynada sülhə gedən yol Ukraynanın özünün iştirakı olmadan açıla bilməz. Konstruktiv danışıqlar yalnız atəşkəs və ya hərbi əməliyyatların intensivliyinin azaldılması kontekstində baş tuta bilər", - sənəddə deyilir.
Bəyanatda həmçinin bildirilir ki, Avropa İttifaqı digər tərəfdaşlarla birlikdə Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyi davam etdirəcək, həmçinin “Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirləri dəstəkləyəcək və tətbiq edəcək”.
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı liderlərinin Ukrayna münaqişəsinin həlli ilə bağlı birgə bəyanatına qoşulmayıb.