13 avqust 2025 02:54
214

Vaşinqtonda üçtərəfli görüş: Siyasi, iqtisadi və regional tarazlıqlar dəyişir

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Bölgəmizə dayanıqlı sülh gəldi, bütün dünyaya mesaj olaraq ötürüldü”

8 avqust… Hər bir azərbaycanlının qəlbi həmin gün Vaşinqtonda döyünürdü. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp iştirak edirdi.

Üçtərəfli görüşdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, ABŞ-ın 907-ci düzəlişinin ləğv edilməsi, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun yaradılması, regionda sülh və rifah üçün nəqliyyat əlaqələrinin, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının qurulması, ATƏT-in Minsk qrupunun ləğv edilməsi barədə müraciət və digər mühim məsələlər qəbul edildi.

1988-ci ildən Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladı. Həmin vaxtdan 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizə qədər iki ölkə arasında münaqişə davam edib. Azərbaycan həmin il ATƏT-in üzvü olub və martın 24-də “Dağlıq Qarabağ” münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə həlli məqsədilə ATƏT-in Minsk qrupu yaradılıb. Lakin bu qurum illər ərzində işğalçı ilə işğala məruz qalanı ayırd edə bilmədi və ya bunu etmək istəmədi. Onlar açıq şəkildə Ermənistanın maraqlarına xidmət edir, Azərbaycanın haqq səsinə kar, tarixi faktlara isə kor yanaşırdılar.

Prezidentlər arasında aparılan sülh danışıqlarından sonra Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri müvafiq sənədlə Minsk qrupunun fəaliyyətinin dayandırılmasını istədilər. Çünki illərdir bacarmadıqları işi  regiona sülh gətirmək missiyasını Donald Tramp həyata keçirdi. Azərbaycan həmişə sülhün tərəfdarı olub, amma qarşı tərəfdən  Ermənistandan eyni münasibəti görməyib.

Daha bir mühüm qərar ABŞ-ın 33 il sonra 907-ci düzəlişi ləğv etməsi oldu.

Bəs, 907-ci düzəliş nə idi və hansı səbəbdən qəbul olunmuşdu?

1992-ci il oktyabrın 24-də ABŞ Konqresi bu qanuna düzəliş edərək (907-ci düzəliş) ABŞ-ın hər hansı formada Azərbaycan hökumətinə və yerli özünüidarə qurumlarına birbaşa yardımını qadağan etmişdi. Bu qərar Amerika Erməni Milli Komitəsinin lobbiçilik səyləri nəticəsində, Azərbaycanın guya Dağlıq Qarabağ ermənilərini blokadada saxladığı iddiası ilə qəbul olunmuşdu.

Düzəlişə əsasən, ABŞ Prezidenti “Azərbaycan hökumətinin Ermənistana və “Dağlıq Qarabağa” qarşı blokadanı və digər güc tətbiqini aradan qaldırmaq üçün addımlar atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan hökumətinə yardım göstərilə bilməzdi.

Beləliklə, Azərbaycan 2001-ci ilə qədər “Azadlığa Dəstək Aktı”ndan faydalanmayan yeganə postsovet ölkəsi olub. Bu, əslində “Oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı” məsəlini xatırladır: Azərbaycanın dədə-baba yurdunu qeyri-insani davranışlarla işğal edib, torpaqlarımıza soxulmaq, amma dünyaya car çəkmək ki, guya Azərbaycan erməniləri blokadaya alıb…

Təbii ki, Azərbaycanın 907-ci düzəlişin nəzərdə tutduğu yardımlara ehtiyacı olmayıb. Amma siyasi kontekstdən baxdıqda ABŞ-ın bu ittihamları tamamilə əsassız idi. Nəhayət, 8 avqustda ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin ləğvi tarixi qərar kimi qəbul edildi. Bu görüş və qəbul olunan qərarlar Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. 907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ münasibətlərinə təkan verməklə yanaşı, iqtisadiyyata da müsbət təsir göstərəcək.

8 avqust görüşündə Donald Tramp ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan səmimi söhbətlər dünya üçün mühüm bir mesaj olmalıdır.

Ancaq təəssüf ki, cəmiyyətimizdə hər bir vətəndaş baş verən hadisələri düzgün analiz edə bilmir. Sülh danışıqlarından sonra belə fikirlər formalaşır ki, bu, şəhidlərimizə və yaşanan soyqırımlara qarşı ədalətsizlikdir. Təbii ki, bu xalq heç vaxt erməni vəhşiliyini, torpağın bütövlüyü uğrunda canından keçən nə şəhidini, nə də sağlamlığını itirmiş qazisini unudacaq...

Lakin cəmiyyətdə səslənən bu fikirləri dinləyərkən bir şəhid qızının sözləri diqqətimi çəkdi: “Çox sevinirəm ki, Azərbaycan və Ermənistan arasında sülh olacaq. Mən şəhid qızıyam… Amma şəhid anası olmaq istəmirəm”. Bu bütün anlaşılmaz sualların cavabı oldu.

Regionda sülhün bərqərar olması, anaların övladlarını könül rahatlığı ilə hərbi xidmətə yola sala bilməsi deməkdir. Bu, həmçinin oğul itkisi ilə beli bükülmüş ataların, ata həsrəti ilə böyüyən körpələrin bir daha bu acını yaşamaması üçün atılmış mühüm bir addımdır.

8 avqust tarixində baş tutan görüş bölgədə davamlı sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın bərqərar olunması istiqamətində mühüm bir dönüş nöqtəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe, atdığı uzaqgörən diplomatik addımlar və məsələlərə prinsipial yanaşması regionda sülh prosesinə real və davamlı təkan verdi. Onun rəhbərliyi ilə həyata keçirilən siyasi kurs yalnız Azərbaycanın milli maraqlarını qorumaqla kifayətlənməyib, həm də bütün Cənubi Qafqazın təhlükəsizliyi və rifahı üçün strateji əhəmiyyət kəsb edir.

Bu siyasət münaqişələrin aradan qaldırılması, etimad mühitinin yaradılması və qarşılıqlı hörmətə əsaslanan regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm bir model rolunu oynayacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi təşəbbüs gələcək nəsillərin müharibədən uzaq, sülh və təhlükəsizlik içində, daha firavan və dinc bir həyatda yaşamasına yol açacaq.

Meydanda Zəfəri, diplomatiyada sülhü qazanan böyük Liderin dediyi kimi: “Əgər xalq öz liderinə inanırsa, dövlətin gücü qat-qat artır”. Bütün Azərbaycan xalqı öz sərkərdəsinə güvənir. 8 noyabr Zəfər Günümüz 8 avqust sülh sazişi ilə tarixmizə yazıldı. Belə möhtəşəm tarixləri Azərbaycan xalqına  yaşatdığına görə Prezidentimizlə qürur duyub, fəxr edirik!

Məltəm Anar,
Bakı Slavyan Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi