Avqustun 13-də Yeni Kaledoniyanın müstəqilliyi uğrunda əsas hərəkat - Kanak Sosialist Milli Azadlıq Cəbhəsi iyul ayının əvvəlində hökumət və müstəqillik əleyhdarları ilə imzalanmış Bujival sazişini rədd etdiyini təsdiqləyib.
“İki sahil” Fransanın “Le Monde” nəşrinə istinadən xəbər verir ki, bu qərar hərəkatın 9 avqust tarixində keçirilən növbədənkənar qurultayında qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Dekolonizasiya Cəbhəsi (FID) də Bujival sazişlərinə qarşı çıxmışdı. FID bu sazişin kanak xalqının öz müqəddəratını təyin etmək hüququnun tam və səmərəli həyata şəkildə həyata keçirilməsini təmin etməməsi, həmçinin beynəlxalq hüququn imperativ prinsiplərini pozması ilə bağlı dərin narahatlığını ifadə etmişdi.
Bujival sazişi 2025-ci il iyulun 12-də Paris yaxınlığındakı Bujival şəhərində Fransa və Kanakinin (Yeni Kaledoniya) siyasi qüvvələri arasında imzalanıb. Sənəddə nəzərdə tutulan yeni siyasi model çərçivəsində ərazi Fransanın tərkibində qalır, lakin "Yeni Kaledoniya dövləti" statusu - xüsusi statusa malik muxtar qurum statusu əldə edir.
Sənədə əsasən, kanaklar ikili vətəndaşlığa - Fransa və yeni təsis edilmiş "Kaledoniya" vətəndaşlığına malik olacaqlar. Sənəd həmçinin müdafiə, təhlükəsizlik və digər sahələrdə səlahiyyətlərin verilməsi də daxil olmaqla, dövlətin suveren səlahiyyətlərinin tədricən genişləndirilməsini nəzərdə tutur. Lakin sazişin qüvvəyə minməsi yalnız 2026-cı ildə Yeni Kaledoniyada keçirilməsi planlaşdırılan referendumun müsbət nəticələrindən sonra mümkün olacaq.