13 avqust 2025 16:16
202

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ Cənubi Qafqazda sülh və əməkdaşlıq imkanlarını dərinləşdirəcək

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində keçirilən görüşlər Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni tarixi mərhələnin başlanğıcı olub. Vaşinqton şəhərində ABŞ Prezidenti Donald Tramp ilə səmimi və dostluq şəraitində görüş keçirilib, ikitərəfli əməkdaşlığın bütün istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji, müdafiə və humanitar sahələr üzrə geniş fikir mübadiləsi aparılıb”.

“İki sahil” xəbər verir ki,  bunu Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım ictimai birliyinin sədri Vüsalə Əliyeva deyib.

Vüsalə Əliyeva bildirib ki, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması” üzrə Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalanıb. Bu sənəd enerji, ticarət, tranzit, rəqəmsal texnologiyalar və təhlükəsizlik sahələrində qarşılıqlı əməkdaşlıq üçün institusional çərçivə formalaşdırır. Bundan əlavə, səfər zamanı SOCAR və ExxonMobil korporasiyası arasında əməkdaşlıq haqqında Memorandum da imzalanıb. Bu sənəd həm ənənəvi, həm də qeyri-ənənəvi enerji layihələrinin birgə araşdırılması və inkişaf etdirilməsini nəzərdə tutur”.

“ABŞ Prezidentinin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Amerika Birləşmiş Ştatları liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib” – deyən Vüsalə Əliyeva əlavə edib ki, görüşün nəticəsi olaraq regionda sülhün təmin olunması məqsədilə Birgə Bəyannamə imzalanıb: “Bəyannamədə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi,  ATƏT-in Minsk Qrupunun və əlaqədar strukturların fəaliyyətinin dayandırılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində prinsipial razılıq və regional nəqliyyat və iqtisadi əlaqələrin inkişaf etdirilməsi kimi mühüm müddəalar yer alıb”.
Vüsalə Əliyeva diqqətə çatdırıb ki, səfər çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam da imzalanıb: “33 ildən sonra atılan bu addım Azərbaycan-ABŞ münasibətlərində tarixi ədalətin bərpası, qarşılıqlı etimadın möhkəmlənməsi və gələcək əməkdaşlıq üçün möhkəm zəminin yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Vüsalə Əliyeva onu da qeyd edib ki, bu səfər nəticəsində əldə edilmiş razılaşmalar Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunmasına, regional iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına, enerji təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndirilməsinə xidmət edəcək.