16 avqust 2025 00:56
142

907-ci düzəlişin ləğvi uzun illər davam edən ədalətsizliyi sona çatdırdı

Və Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoydu

Avqustun 8-də ABŞ-da baş tutan görüş Azərbaycan üçün həm tarixi, həm diplomatik, həm də strateji baxımdan unudulmaz hadisə oldu. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş sadəcə növbəti diplomatik təmas deyildi; o, uzun illər davam edən münaqişə sonrası regionda sülhün və sabitliyin bərqərar olması üçün mühüm addım idi. Görüş çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in xarici işlər nazirləri tərəfindən paraflanması isə hüquqi və siyasi baxımdan tarixi nəticə kimi dəyərləndirilir. Bu, tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində atılmış konkret addım, eyni zamanda, regionda uzun müddət davam edən gərginliyin azaldılması üçün əhəmiyyətli zəmin yaratdı.

Bu səfərin əhəmiyyətli tərəflərindən biri 907-ci düzəlişin ləğv edilməsidir. 1992-ci il avqustun 6-da ABŞ Konqresində qəbul edilmiş “Azadlığı müdafiə Aktı”na daxil edilmiş 907-ci düzəliş Azərbaycan üçün ciddi məhdudiyyət yaratmışdı. Həmin dövrdə Azərbaycan hələ müstəqilliyini yeni qazanmış, Ermənistan tərəfindən işğal altına alınmış torpaqları geri qaytarmaq uğrunda mübarizə aparan, eyni zamanda, sosial və iqtisadi böhran yaşayan bir ölkə idi. 907-ci düzəliş Azərbaycanın ABŞ-dan dövlət yardımı almasını qadağan edir, halbuki Ermənistan işğal etdiyi ərazilər üçün milyardlarla dollar yardım alırdı. Bu, beynəlxalq hüquq və ədalət baxımından ciddi uyğunsuzluq və ikili standart nümunəsi idi. Azərbaycan uzun illər boyunca bu ədalətsiz qərarın aradan qaldırılması üçün diplomatik mübarizə aparmalı oldu. Müxtəlif illərdə ABŞ-ın bəzi liderləri 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı müvəqqəti addımlar atmış, lakin düzəliş sonradan yenidən qüvvəyə minmişdi. Hətta Trampdan əvvəlki prezident Co Bayden dövründə də bu qadağa qüvvədə qalmışdı. Bu, Azərbaycan üçün həm daxili siyasət, həm də beynəlxalq əlaqələr baxımından əlavə çətinlik yaratmış, ölkənin regional və qlobal siyasətdə manevr imkanlarını məhdudlaşdırmışdı. 907-ci düzəliş təkcə Azərbaycanın milli maraqlarına zərbə vurmayıb, həm də ABŞ-ın strateji maraqlarına uyğun deyildi. Bu qərar ölkələr arasında qarşılıqlı əlaqə və əməkdaşlığın inkişafını əngəlləyir, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən ikili standart nümunəsi kimi qiymətləndirilirdi. Son onilliklərdə “Domokl qılıncı” metaforası ilə səciyyələndirilən bu qadağa Azərbaycan ictimaiyyəti tərəfindən də haqsızlıq və ədalətsizlik simvolu kimi qəbul olunmuşdu.

Prezident Donald Trampın iştirakı ilə 907-ci düzəlişin ləğv edilməsi isə hüquqi addımdan çox, simvolik əhəmiyyət daşıyır. Bu, Azərbaycan və ABŞ arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinə imkan yaradır. İlham Əliyevin Vaşinqton səfəri beynəlxalq aləmdə “Vaşinqton Zəfəri” kimi qiymətləndirilir, çünki bu, ölkənin diplomatik uğurunun və regional liderlik mövqeyinin açıq göstəricisidir. Azərbaycan Prezidenti Vaşinqtonda media təmsilçilərinə müsahibəsində vurğuladı ki, düzəlişin ləğv edilməsinin, onun Ağ Evdə şəxsən iştirakı ilə baş tutması diplomatik rəmzi xarakter daşıyır. Sənədi Donald Tramp başqa formada da imzalaya bilərdi, lakin onun şəxsən İlham Əliyevin iştirakı ilə bunu etməsi Azərbaycanın beynəlxalq mövqeyini və diplomatik nüfuzunu nümayiş etdirir.

Bu uğur həm də Azərbaycan üçün uzunmüddətli sülh prosesində mühüm addım kimi qiymətləndirilir. 907-ci düzəlişin ləğvi Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasına imkan yaratmaqla yanaşı, regionda sabitliyin və etibarlı əməkdaşlığın təmin edilməsinə də töhfə verir. Eyni zamanda, bu addım Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlarını müdafiə etmə qabiliyyətini və diplomatik iradəsini nümayiş etdirir. Region kontekstində isə bu hadisənin əhəmiyyəti daha da artır. Azərbaycan artıq təkcə öz torpaqlarını müdafiə edən bir dövlət deyil, həm də beynəlxalq hüquq çərçivəsində haqlarını müdafiə edən, strateji tərəfdaşları ilə əməkdaşlığını möhkəmləndirən bir aktor kimi tanınır. Bu, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün vacib bir nümunədir. Azərbaycan həm də digər regional oyunçular üçün diplomatik uğurun və strateji balansın necə qorunması barədə mesaj verir.

Bu diplomatik uğur, həmçinin iqtisadi perspektivlər baxımından da əhəmiyyətlidir. 907-ci düzəlişin ləğvi Azərbaycan üçün xarici investisiyaların və beynəlxalq yardımların önünü açır. Ölkə iqtisadiyyatının güclənməsi, infrastruktur layihələrinin sürətləndirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün əlavə resursların cəlb olunması mümkün olur. Bu, regionun iqtisadi inteqrasiyası və ticarət əlaqələrinin genişləndirilməsi baxımından strateji önəm daşıyır.

Bundan başqa, Vaşinqton görüşü və 907-ci düzəlişin ləğvi Azərbaycanın diplomatik səlahiyyətlərinin və beynəlxalq nüfuzunun artmasına şərait yaradır. Bu addım həm də beynəlxalq ictimaiyyətə mesajdır: Azərbaycan öz maraqlarını qorumaqla yanaşı, sülh və sabitliyi təmin etməkdə maraqlıdır və bu məqsədlə uzunmüddətli strategiyalar qurur. Əlavə olaraq, bu hadisə Azərbaycan üçün tarixi yaddaşda xüsusi yer tutur. 33 il əvvəl tətbiq olunan 907-ci düzəlişin ləğvi Azərbaycanın diplomatik səylərinin, beynəlxalq əlaqələrdəki təcrübəsinin və dövlət başçısının şəxsi iradəsinin nəticəsidir. Bu, həm də ölkənin gələcək nəsillər üçün siyasi və hüquqi uğur nümunəsi kimi tarixdə qalacaq.

Nəticə etibarilə, avqustun 8-də ABŞ-da baş tutan görüş, 907-ci düzəlişin ləğvi və Vaşinqton Zəfəri Azərbaycan üçün çoxşaxəli əhəmiyyət kəsb edir. Bu hadisələr yalnız diplomatik və hüquqi baxımdan deyil, həm də geosiyasi, iqtisadi və strateji baxımdan ölkənin mövqeyini gücləndirir. Azərbaycan bu uğurla regionda liderlik rolunu möhkəmləndirir, beynəlxalq aləmdə nüfuzunu artırır və gələcəkdə sülh və əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Nigar Orucova, “İki sahil”