16 avqust 2025 01:26
207

Minsk qrupunun ruhuna “fatihə”

“Ölünün” məqsədi- o da alınmadı

Finlandiya ATƏT-in Minsk qrupunun ləğv olunması üçün müzakirələrə rəhbərlik edəcək. Əslində, qrupun “yağ yeyib yaxada gəzən” fəaliyyətsiz həmsədrləri çoxdan özləri özlərini buraxmalı idilər. Çünki o, “anadan ölü doğulmuşdu.”  Lakin “ölünün” yeganə məqsədi Ermənistana Azərbaycan torpaqlarının işğalını sonsuza qədər uzatmaq idi. Düşünürdülər ki, işğal 40-50 il davam edər, Azərbaycan xalqı Qarabağın azadlığını ya yaddan çıxarar, ya da bununla barışar. Lakin bu, alınmadı. İş o yerə çatmışdı ki, həmsədrlərin hər bir nəticəsiz səfərindən sonra xalq arasında onları lağlağı mövzusuna çevirir,- “kababtirovkaya” gəlmişdilər, İrəvan konyakı da içib getdilər”- deyirdilər.

Yararsız təşkilatın rəsmi nümayəndəsi, öz növbəsində, bildirib ki, ATƏT Katibliyi bu müzakirələr nəticəsində qəbul edilən bütün qərarları həyata keçirməyə hazırdır. Dirənişə ehtiyac yoxdur, çünki mücərrəd fəaliyyəti ilə özü özünün hökmünü verib. ATƏT-də təsdiq ediblər ki, avqustun 11-də Azərbaycan və Ermənistandan Minsk qrupu və digər əlaqəli institutların ləğvi məsələsinin ATƏT-in Nazirlər Şurası tərəfindən həll edilməsinin təklif olunduğu birgə müraciət daxil olub: "Biz avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşmaları alqışlayırıq, Azərbaycanı və Ermənistanı bu nailiyyət münasibətilə təbrik edir, ABŞ administrasiyasının bu prosesə dəstəyini yüksək qiymətləndiririk",- deyə bildirilib.

Əsl paradoksdur, iyirmi səkkiz il kölgəmizi belə qılınclayanlar, işğalçıya dəstək verənlər bu gün utanmadan bizi təbrik edirlər. Görünür, haradansa onlara güclü təzyiq göstərilib ki, baş aparmasınlar, verilmiş səlahiyyətlərdən imtina etsinlər. Yoxsa onlar meydandan elə-belə çıxmağı planlaşdırmamışdılar. Belə fikirləri olsaydı, ən azı beş il əvvəl “fəaliyyətlərinə” son verərdilər.

Rəsmi nümayəndənin sözlərinə görə, ATƏT Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsinə yönəlmiş bütün səylərə sadiq qalır. Təbii ki, boğazdan yuxarı deyilmiş bu sözlərə bağça uşağı belə inanmaz. Həmsədrlərin nəyə sadiq olduqlarını çox görmüşük.

Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək üçün yaradılmışdı. O vaxt  üç həmsədr ölkədən biri Türkiyə olmalı olsa da, qrup ölkələri ədalətsizlik edərək buna əngəl törətdilər. Ancaq müasir silahlarla gücləndirilmiş Azərbaycan Ordusu birləşmiş düşmənlərin və bədxahların planlarını pozdu.

Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm qələbəsi ilə başa çatan 2020-ci ilin payızındakı Vətən müharibəsindən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi həll olunub və belə olan halda nə ATƏT-in Minsk qrupuna, nə də onun institutlarına ehtiyac qalmayıb. Sözügüdən beynəlxalq təşkilat 2020-ci ilin payızında Ermənistanın işğalçı qoşunları darmadağın ediləndən ta  bugünədək müsbət reaksiya vermir. Bununla əlaqədar olaraq, Azərbaycan Ermənistana Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət etməyi təklif edib. Avqustun 8-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Minsk qrupunun buraxılması haqqında birgə müraciət imzalayıblar. ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün irəli sürdüyü iki mühüm şərtdən biri idi. Minsk qrupu və onun institutlarının varlığı  Vaşinqtonda imzalanan sülh sənədlərinin etibarlı olmasına şübhə yaradır. Odur ki, Azərbaycan və Ermənistan rəhbərləri tamamilə düzgün olaraq sülhün daim möhkəm və etibarlı olması üçün “yatmış təhlükəni yuxuda” zərərsizləşdirmək xətti götürüblər. Liderlər Vaşinqtondakı yüksək səviyyəli görüşdə öz fikirlərini bildiriblər. ABŞ Prezidenti Donald Tramp Vaşinqton görüşündə hər iki ölkənin başçılarının bu təşəbbüsünü dəstəklədiyini bildirib. Bu, o deməkdir ki, sülhə aparan yol açılsın və aidiyyəti olmayan ölkələr yersiz müdaxilə etməsinlər, özlərinin illərdən bəri yığılıb qalmış daxili məsələləri ilə məşğul olsunlar.

Bir daha xatırladırıq ki, üç həmsədr ölkə - ABŞ, Rusiya və Fransadan başqa, Minsk qrupuna Belarus, Almaniya, İtaliya, Türkiyə, Finlandiya və İsveç, Azərbaycan və Ermənistan daxildir. Beləliklə, ABŞ rəhbəri açıq şəkildə ədalətsiz bir təşkilatın mövcud olmasını lüzumsuz hesab etdiyini bildirib. Bununla da “ölü” dəfn olunub və “ruhuna fatihə” verilib.

Beləliklə, 1987-ci ildə tarixin buraxdığı səhvi 2020-ci ildə qüdrətli Azərbaycan Ordusu düzəldib. Ağır sınaqlardan şərəflə çıxan Azərbaycan dövlət müstəqilliyini qazanmaqla və işğal edilən ərazilərini azad etməklə dünya düzənində özünə layiq yer tutub. Ümummilli Liderimiz dahi Heydər Əliyevin sərrast ifadəsi ilə desək, Azərbaycan dünyaya Günəş kimi doğacaq!

Vəli İlyasov, “İki sahil”