18 avqust 2025 17:11
142

Rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

“İki sahil” xəbər verir ki,  DİM-dən bildirilib ki, qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 603 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 585 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini avqustun 19-u günün ikinci yarısından etibarən “abiturient.az” saytından “PDF” formatda əldə etmək mümkün olacaq.

Rezidenturaya qəbul olunanlar avqustun 21-dən 28-dək (saat 18:00-dək) “portal.edu.az” platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.

Qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaq. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə “portal.edu.az” platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında veriləcək.