YAP Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq 20 avqust 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qızılağac ərazi partiya təşkilatında “Cənab Prezident: Qarabağ və Şərqi Zəngəzurda torpaqların əzəli sahibləri doğma yurdlarına qayıdırlar” mövzusunda partiya fəalları ilə görüş keçirilmişdir.
“İki sahil” xəbər verir ki, tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Seyfəddin Əliyev qeyd etmişdir ki, qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfər nəticəsində yağı tapdağından azad edilən Qarabağ və Şərqi Zəngəzur sözün həqiqi mənasında bu gün özünün inkişaf, çiçəklənmə dövrünü yaşayır. Otuz illik işğal dövründə viran qoyulmuş kəndlər, qəsəbələr, şəhərlər yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, körpülər, hava limanları, eliktrik stansiyaları tikilir, istehsal müəssisələri yaradılır. Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi: “Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq”.
Seyfəddin Əliyev bildirmişdir ki, Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlərimiz abadlaşdıqca bu torpaqların əzəli sahibləri öz dogma yurdlarına qayıdırlar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Proqramı”na əsasən, artıq Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış kəndində, Füzuli, Şuşa, Laçın şəhərlərində və Laçın rayonunun Sus, Zabux kəndlərində, Cəbrayıl, Xocalı şəhərlərində və Xocalı rayonunun Ballıca kəndində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın, regionun sənaye potensialının dirçəldilməsi, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm işlər görülür, turizm infrastrukturunun qurulmasına xüsusi diqqət yetirlir deyən təşkilat sədri vurğulamışdır ki, bəli, böyük qürur hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri tarixi hadisəyə çevrilir. Ölkəmizin başçısı ötən müddətdə Qarabağa və Şərqi Zəngəzura hər səfərində yeni-yeni sənaye, kənd təsərrüfatı obyektlərinin, istehsal və xidmət müəssisələrinin, infrastruktur layihələrinin təməli qoyur, açılışını edir.
Qızılağac ərazi partiya təşkilatının sədri Şamil Məmmədov çıxış edərək bildirmişdir ki, bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr təkcə bərpa və yenidənqurma deyil, həm də gələcəyə doğru inamlı və strateji addımların bariz ifadəsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzur sözün əsl mənasında nəhəng tikitnti meydançasına bənzəyir. İndi 30 illik işğaldan sonra böyük sevinc hissi ilə öz ata-baba yurdlarına qayıdan insanların məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılır, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilir, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilir, qaz təchizatı təmin olunur.
Tədbirdə Fərhad Abbasov, Şahin Quliyev və başqaları çıxış edərək qeyd etdilər ki, erməni barbarlarının törətdiyi xarabalıqların, viranəliklərin yerində yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr inşa edilir. Şəhərlər, kəndlər, qəsəbələr abadlaşdıqca, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar.