21 avqust 2025 14:04
91

Meta süni intellekt mütəxəssislərinin işə götürülməsini dayandırır

Meta Korporasiyası süni intellekt (AI) sahəsində inkişaflarla məşğul olan bölməsi üçün işə qəbul proqramını dondurub.

“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.

Şirkət işə qəbulun dondurulması faktını təsdiqləyərək bunu “əsas təşkilati planlaşdırma” və yeni bölmə üçün “möhkəm strukturun yaradılması” zərurəti ilə izah edib.

İyul ayında şirkətin qurucusu Mark Zukerberq "super intellekt yaratmaq üçün hesablama gücünə yüz milyardlarla dollar sərmayə qoyacağını" söyləmişdi. Əvvəllər şirkət bütün platformaları üçün süni intellekt inkişaf etdirən Superintelligence Lab bölməsini yaradıb.

WSJ-nin məlumatına görə, indi onun dörd qrupu olacaq: AI məhsullarının inkişafı üçün; super intellektin yaradılması üçün; məlumat mərkəzləri və digər AI infrastrukturu üçün; AI tədqiqatı və uzunmüddətli inkişaf üçün.