23 avqust 2025 00:13
115

Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır

Bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur.

Cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya  insan həyatında  fəsadlar yaradır. Narkomaniya  İrqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya  günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür.

Ümummilli Liderimiz Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illəri əhatə edən narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilmiş, həmçinin xüsusi Dövlət Komissiyası yaradılmışdı. Ölkə rəhbərinin imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan məsələlərin həlli istiqamətində  uğurlu addımlar atılır. Respublika Prezidenti İlham Əliyev Dövlət Proqramının davamı olaraq 2013-2018-ci illər üçün növbəti sərəncam imzalayıb. Bu, dövlət başçısının dəhşətli bəlaya qarşı mübarizə sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətin yalnız bir hissəsi kimi dəyərləndirilməlidir. Hər şeydən öncə, narkotizmlə və narkobizneslə mübarizə cəmiyyətin sağlamlığının qorunması zərurətindən irəli gəlir. 20 ildən artıqdır ki, Azərbaycan narkomaniyanın Yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində mübarizədə öz köməyini əsirgəmir.

Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxarmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətinə malikdir. Yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Bəzən həyətdə, küçədə, məktəbdə, işdə, hətta bir narkomanın olması ətrafdakılara fəlakətli təsir göstərir. Çox vaxt narkotik qəbul etmək təklifi alan gəncin bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmaması, onun tərəfindən bu qorxunc və olduqca təhlükəli bəlanın başa düşülməməsi və təhlükəsinin lazımi dərəcədə qiymətləndirilməməsi şəraitində baş verir və bu dəhşətli vasitəyə ömürlük asılılıq yaranır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin (KİV), mədəni-maarif müəssisələrinin üzərinə düşür.

Azərbaycan Respublikasının Konstitusiyasına, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və qüvvədə olan normativ aktlara uyğun olaraq narkomanlığın qarşısının alınması rayon İcra Hakimiyyətinin daimi diqqətində olmaqla səmərəli təmin edilmişdir.

Narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya” və “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası” yaradılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması sahəsində vətəndaş cəmiyyəti institutları, hüquq-mühafizə və digər orqanlarla qarşılıqlı əlaqə yaradılmışdır.

Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meylli şəxslər barəsində vaxtında qabaqlayıcı və profilaktik işlərin görülməsi məqsədilə əməli tədbirlər həyata keçirilməkdədir.

Narkomanlığın qarşısının alınmasında əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alaraq digər tədbirlər ilə yanaşı, ümumtəhsil müəssisələrində, idarə və təşkilatlarda narkomaniya əleyhinə  çox sayda tədbir keçirilmişdir.

Rayon İcra Hakimiyyətlərinin narkomaniyaya qarşı apardığı təbliğat çox güclü vasitədir. Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda yeniyetmə və gənclər arasında tədbirlərin keçirilməsi çox vacibdir. Məktəbliləri bu pis vərdişlərdən uzaqlaşdırmaq üçün onların arasında “Narkomaniyaya yox deyək!” mövzusunda inşa müsabiqəsinin keçirilməsi yaxşı nəticələr verir. Belə ki, mövzunu işləyərkən uşaqlar müvafiq ədəbiyyatı oxuyub, internetdən lazımi informasiyanı alır bu da istər-istəməz onlara narkomaniya və alkoqolizmin pis vərdişləri ilə bağlı məlumatlanmasına səbəb olur. Nəticələr yoxlanıldıqdan sonra ilk üç yerin sahibi mükafatlandırılır bu da uşaqların öz hüquqlarını öyrənmək həvəsini daha da artırır. Eyni adda rəsm müsabiqəsinin keçirilməsi də yaxşı nəticələr verir.

Məktəblərdə valideynlərlə görüşün təşkil edilməsi də bu sahədə böyük irəliləyişlərə səbəb olur. Valideynlər uşaqların fiziki əqli inkişafının qayğısına qalmağa və onları layiqli vətəndaşı kimi böyütməyə borcludurlar. Valideynlər öz hüquq və vəzifələrini uşaqlarına aşılamalı və onları düzgün istiqamətləndirməlidirlər. Məktəblilərlə “Narkomaniyaya yox deyək!? ” adlı disputun keçirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Belə ki, uşaqlarla bu haqda söhbətin aparılması onların bu sahədə maariflənməsinə kömək edir. Keçirilən tədbirlərə hər hansı bir uşaq hüquqları təşkilatının nümayəndəsi, polis idarəsinin azyaşlılar üzrə inspektoru, həkim-psixoloq dəvət edilərək uşaqları maraqlandıran sualların cavablandırılmasına şərait yaradılır.  Uşaqlarla bu mövzuda danışarkən slaydlardan istifadə olunur ki, bu da  narkomaniyanın fəsadlarının daha yaxşı başa düşmələrinə yardımçı olur. Bu məqsədlə tədbir zamanı müvafiq slaydlar uşaqlara təqdim olunur. Narkomaniya ilə bərabər məktəblilərə alkoqolizm və papirosun da insan orqanizminə vurduğu ziyanlardan danışılır.  

Tədbirlərdə rayon İcra Hakimiyyətinin, vətəndaş cəmiyyəti institutlarının, hüquq-mühafizə, səhiyyə, təhsil və digər aidiyyəti orqanların nümayəndələrinin, yetkinlik yaşına çatmayanların, gənclərin, valideynlərin, din xadimlərinin və digər şəxslərin iştirakı təmin edilir. Həmçinin tədbirlər zamanı mövzu ilə bağlı müzakirələrin, izahat və təbliğat işlərinin aparılması, əhatəli şəkildə çıxışların edilməsi, video-çarxların nümayiş olunması, iştirakçıların suallarının cavablandırılması, rəsm sərgilərinin nümayişi və digər tədbirlərin görülməsi də təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin internet və sosial şəbəkə səhifələrində, həmçinin kütləvi informasiya vasitələrində görülmüş işlər, keçirilmiş tədbirlər və digər məlumatlar işıqlandırılmışdır.

Rayon ərazisində il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 400 cinayət faktı aşkar edilmişdir ki, onlardan 118 fakt satış, 282 fakt isə saxlama təşkil edir. Həmin faktlar üzrə ümumilikdə 56,690 kilodan artıq müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmış, 193 məhkəmə hökmü üzrə az miqdarda olan narkotik vasitələr və psixotrop maddələr Xətai rayon Polis İdarəsinin həyətində açıq sahədə yandırılma yolu ilə məhv edilərək külü torpağa basdırılmışdı.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev demişdir: “Coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq, elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Məlumdur ki, narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir”. 

Biz cəmiyyət olaraq bu bəla ilə dövlətlə birgə mübarizə aparmalıyıq.

Pənah İmanov,
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri