23 avqust 2025 00:56
95

Yurdundan deportasiya edilən azərbaycanlılardır, yoxsa ermənilər?

İki ölkənin arasında sülh prosesinin inkişaf etdiyi indiki ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyanın "ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" sözləri isə həm revanşist qüvvələrin, həm daşnakların, həm də Qərbdəki ermənipərəst dairələrin illərdir ortaya atdığı saxta “etnik təmizləmə” iddialarını iflasa uğradır. Üstəgəl, əgər bu bəyanatı Ermənistanın baş naziri səsləndirirsə, deməli, daim ortalığı qarışdıran Avropa Şurasının, Avropa Parlamentinin, Rusiya Dövlət Dumasının, Fransa Senatının və ABŞ Konqresindəki müəyyən ermənipərəst  dairələrin Azərbaycana qarşı  bundan sonra da həmin tezislər və əsassız ittihamlarla çıxış etməsi, sadəcə, beynəlxalq sazişlərə saymazlıq və yalnız öz maraqları üçün siyasi təzyiq vasitəsidir.

Buna baxmayaraq, istər Ermənistan daxilində, istərsə də xaricdə yaşayan  erməni lobbisinin nümayəndələri Nikol Paşinyanın sabitlik və sülh addımlarını qəbul etmir, hətta onu hakimiyyətdən uzaqlaşdırmaq üçün hər cür vasitəyə əl atırlar.  Xüsusilə keçmiş Qarabağ məsələsindən Ermənistan daxilində hakimiyyət uğrunda mübarizə vasitəsi kimi istifadə edən qüvvələr bu gün də Nikol Paşinyanı hədəfə alırlar. Bütün bunlar yalnız iki ölkə arasında münaqişənin davam etməsinə hesablanmış xəbis niyyətdir.

Lakin unudulmamalıdır ki, 2020-ci ildə Azərbaycanın tarixi hərbi zəfəri nəticəsində bölgədə tamamilə yeni geosiyasi reallıqlar yaranıb. Azərbaycan Cənubi Qafqazda lider dövlət səviyyəsinə yüksəlib. Bu reallıqları hər kəs, eyni zamanda, bəzi Qərb dairələri də qəbul etməli və hörmətlə qarşılamalıdır. İstər-istəməz hər kəs bunu həzm etməlidir. Başqa yol onları Azərbaycanla açıq düşmənçiliyə aparır. Bu isə heç kəsə xeyir gətirməz. Ermənistan rəhbərliyi nəhayətdə anlayır ki, otuz üç il davam edən Qarabağ  münaqişəsi ölkənin yalnız nüfuzdan düşməsinə  və dünyada təklənməsinə doğru aparırdı.

Ermənistanda əsasən Rusiyanın təsirində olan pozucu qüvvələr Qarabağdan öz razılıqları ilə köçüb gedən ermənilərdən istifadə etməyi planlaşdırıblar. Təzəliklə Kremldə uydururlar ki, guya Azərbaycan orada etnik təmizləmə aparıb. Özünün gördüyü işi başqasının üstünə atmaq Kremldəkilərin köhnə peşəsidir axı. Halbuki köçən ermənilər Laçın nəzarət-yoxlama məntəqəsini keçərkən telekanallara deyirdilər ki, öz xoşları ilə gedirlər. Onlara heç kim təzyiq etmir. Ağdərədə yaşamış qoca erməninin “Vallah, ermənilər adam dəyil, azərbaycanlılar yaxşıdır” məşhur sözləri indiyədək hər kəsin yaddaşındadır.

Lakin təəssüf ki, 1988-ci ildə Ermənistandan deportasiya edilən 300 minə yaxın azərbaycanlının birindən soruşan olmadı ki, yüz illər boyu yaşadığınız yurdunuzdan niyə köçürsünüz? Əksinə, minlərlə fakt var ki, köçmək üçün onların başına vəhşiləşmiş saqqallı ermənilər hansı müsibətləri gətiriblər, onlara hansı zülmləri veriblər. İndi abırsız böhtançılar desinlər: kim kimi deportasiya edib? Görəsən, bu ermənilərdə və onlara qanlı yol göstərənlərdə niyə utanan sifət yoxdur? İndiki araqatan iblislər  Ermənistandan qovulanların birindən soruşmadılar ki, sizə təzyiq göstərən, köçməyə məcbur edən varmı? Xeyr, maraqlanmadılar, dilləri lal oldu, çünki həqiqəti üzə çıxarmaq onlara sərf etmirdi.

Yaxşı, tutaq ki, Azərbaycan 30 min erməninin Qarabağa qayıtmasına icazə verdi, bəs Ermənistan necə, 300 min azərbaycanlının öz doğma yurd-yuvalarına qayıtmasına razı olacaqmı? İnanan daşa dönsün. Əlbəttə, olmayacaq.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xeyli əvvəl bu məsələyə münasibət bildirərkən deyib ki, 300 min azərbaycanlının qayıdışı Ermənistanın yer üzündən silinməsi deməkdir. Bu, Ermənistanın altına bomba qoymaq olardı. Əgər belə düşünürlərsə, onda çıxardıqları bu hoqqalar nə deməkdir. Əgər Ermənistanın birinci və hazırkı dövlət başçıları bu fikirdədirsə, deməli yandan çıxan törəmə planlar cəmiyyətin zərərinədir və onları müdafiə edənlər ermənilərin qanının axıdılmasına “dobro” verənlərdir.

Bu baxımdan bəzi ermənipərəst  Qərb institutları əgər həqiqətən də regionda sülh və sabitlik istəyirlərsə, bundan sonra qərəzli mövqedən çıxış etməyi dayandırmalı, Azərbaycan və Ermənistan arasında əldə olunmuş tarixi razılaşmanın möhkəmləndirilməsinə töhfə verməlidirlər.

 Baş nazir Paşinyanın açıqlaması bir daha göstərdi ki, sülhün alternativi yoxdur. Hazırda əsas məsələ revanşizmə dəstək verən dairələrin məsuliyyətli mövqeyə gəlməsidir. Gəlməsələr onları 2020-ci ildəki biabırçı hərbi-siyasi  vəziyyət gözləyir. Şübhəsiz, bunun nə ilə nəticələnəcəyini də yaxşı bilirlər. Odur ki, ağılsız iddiaçılar üçün inadkarlığı  yerə qoymaq ən düzgün yoldur. Azərbaycanın iradəsi, qətiyyəti və beynəlxalq hüquqa əsaslanan mövqeyi isə dəyişməzdir. “Dəmir yumruq” başlarının üstündən Damokl qılıncı kimi asılıb. İndi baxsınlar, can özlərinin, cəhənnəm Tanrınındır...Allah yollarını açıq etsin...

Vəli İlyasov, “İki sahil”