23 avqust 2025 12:44
515

Rəvan Həsənov: Azərbaycanın sülh addımları xarici ölkələrin gənclərini daha çox maraqlandırır

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin II Beynəlxalq Multikulturalizm Gənclər Forumu başlayır. Bu forum həm Bakı, həm də Xankəndi və Şuşa şəhərlərində keçiriləcək. Forumun əsas mövzusu Azərbaycanın bölgəyə gətirdiyi sülh və yeni imkanlara, eyni zamanda, tolerantlıq, multikulturalizm ənənələri və modelinə, həmçinin bu istiqamətdə gənclərin aktiv roluna həsr olunub.

Qarşıdakı 5 gündə forum çərçivəsində gənclər üçün seminarlar və vörkşoplar keçiriləcək. Ölkəmizdəki məscidlərin, sinaqoqların, kilsələrin, muzeylərin ziyarət edilməsi nəzərdə tutulur.

“İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BMMM) icraçı direktoru Rəvan Həsənov söyləyib.

O bildirib ki, Azərbaycan mədəniyyəti vaxtilə Qarabağda vandalizmə məruz qalmışdı: “Biz istəyirik ki, dünya gəncləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hansı işlərin görüldüyündən xəbərdar olsunlar”.

Rəvan Həsənov qeyd edib ki, xarici ölkələrin gəncləri Azərbaycanı daha çox keçmiş Qarabağ münaqişəsi ilə əlaqədar tanıyırdılar. Hazırda isə Azərbaycanın sülh addımları onları daha çox maraqlandırır.