25 avqust 2025 11:20
142

Rumınıyalı senator “Heydər Əliyev” zirvəsinə yürüş edib

Azərbaycanda səfərdə olan Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaş “Heydər Əliyev” zirvəsinə qalxıb.

“İki sahil” xəbər verir ki, o, bu addımı Azərbaycanın Ümummilli Liderinə ehtiramını ifadə etmək məqsədi ilə həyata keçirib.

Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər Əliyev” zirvəsində rumıniyalı millət vəkili Ulu Öndərin xatirəsinə dərin ehtiramını ifadə edib, onun Azərbaycan tarixində misilsiz rolu və xidmətlərini qeyd edib.

O, həmçinin zirvəyə yürüşünü Rumıniya-Azərbaycan dostluq və strateji əməkdaşlıq əlaqələrinə həsr edib. Bununla yanaşı, senator Qarabağa səfərini vurğulayaraq Prezident İlham Əliyevin Qarabağ bölgəsinə göstərdiyi xüsusi diqqəti və aparılan miqyaslı tikinti-bərpa işlərinin bariz şahidi olduğunu bildirib.

Qeyd edək ki, senatoru Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Azərbaycanın Alpinizm Federasiyasının baş katibi Sənan Rəsulov və tanınmış azərbaycanlı alpinist, bir çox beynəlxalq dağ ekspedisiyalarının iştirakçısı Sima Səfərova müşayiət edib.

Eyni zamanda nümayəndə heyəti Bazardüzü zirvəsini fəth etmiş rumın alpinistlər ilə görüşüblər. Rumıniyalı alpinistlər Azərbaycanın əsrarəngiz təbiəti, qonaqpərvərliyi və isti münasibəti barədə təəssüratları ilə bölüşüblər.