25 avqust 2025 17:15
192

Könüllü qanvermə aksiyasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev də iştirak edib

18-31 avqust 2025-ci il tarixlərində Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən “Dəniz Mall” ticarət mərkəzində könüllü qanvermə aksiyası keçirilir. “İki sahil” xəbər verir ki, aksiyanın əsas məqsədi talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək olmaqla yanaşı, cəmiyyətdə könüllü donor mədəniyyətini təşviq etməkdir.Bu təşəbbüs çərçivəsində vətəndaşlar tərəfindən yüksək fəallıq nümayiş olunur, qanverməyə qatılanlar arasında müxtəlif sahələrin nümayəndələri yer alırlar.

25 avqust 2025-ci il tarixində aksiyada Milli Məclisin deputatı Məzahir Əfəndiyev də iştirak edib. Respublika Qan Bankının rəhbərliyinin müşaiyəti ilə deputat qan verərək bu humanist təşəbbüsə dəstək göstərib və belə aksiyaların ictimai həmrəyliyin möhkəmləndirilməsində xüsusi rol oynadığını vurğulayıb. Millət vəkili qan verməyin həm sağlamlıq, həm də sosial məsuliyyət baxımından önəmini qeyd edərək, hər kəsi bu təşəbbüslərə qoşulmağa çağırıb.

Respublika Qan Bankının nümayəndələri belə təşəbbüslərin davamlı olmasının talassemiyadan əziyyət çəkənlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynadığını bildiriblər.

Qeyd edək ki, aksiyada yüzlərlə vətəndaşın iştirakı nəzərdə tutulub. Heydər Əliyev Fondunun əlaqələndirməsi, mərkəzi icra hakimiyyəti orqanlarının təşkilatçılığı və yaxın iştirakı ilə gələcəkdə bu cür sosial yönümlü tədbirlərin daha geniş miqyasda davamlı olaraq keçirilməsi planlaşdırılır.