25 avqust 2025 17:42
309

Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Artıq Böyük Qayıdış proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər şəhərinə səfəri və  bir qrup Kəlbəcər şəhər sakininə evlərinin açarlarının verilməsini böyük sevinc hissi ilə izlədik.

Dövlət başçısının tarixi torpaqlarımıza hər səfərində əzəli yurd yerlərimizdə daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, təməllər qoyulur. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfərləri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibi ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə aydın təsəvvür yaradır. Bu gün işğaldan azad edilən hər bir şəhər və rayonumuz kimi, Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Azərbaycanın həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcər bölgəsi yaxın illərdə ölkənin ən müasir infrastrukturuna malik mərkəzlərdən biri olacaq. Bu, həm dövlətin gücünü, həm də xalqın öz yurduna bağlılığını göstərir. Kəlbəcərin təbii sərvətləri, zəngin flora və faunası da bərpa olunur. İllərlə talan edilən meşələr, yandırılan kəndlər, dağıdılan təsərrüfatlar artıq dirçəlir. Bu torpaqlarda yenidən kənd təsərrüfatı inkişaf etdirilir, turizm potensialı reallaşdırılır. Beləliklə, Kəlbəcər yalnız azad olunmuş torpaq deyil, həm də Azərbaycanın yeni inkişaf strategiyasının əsas dayaqlarından birinə çevrilir.

2021-ci ildən başlayaraq Prezident İlham Əliyev Kəlbəcərdə tunellərin, yolların, su elektrik stansiyalarının, sosial obyektlərin, məktəblərin, yaşayış komplekslərinin təməllərini qoyub, açılışlarını edib. 2025-ci ilin avqust səfərində də yeni mərhələ başlandı: Kəlbəcərin Aşağı Vəng, Nadirxanlı və Çaykənd kiçik su elektrik stansiyaları istifadəyə verildi; şəhərdə yeni yaşayış komplekslərinin təməlləri qoyuldu, sakinlər mənzillərlə təmin edildi; “Balland-Kəlbəcər” brendi ilə bal və arıçılıq məhsulları mağazası açıldı və şəhər parkının təməli qoyularaq sosial həyatın canlanmasına zəmin yaradıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər şəhərində birinci yaşayış kompleksində sakinlərə mənzillərin açarlarını təqdim etdi. Dövlət başçımız Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisindəki fərdi və çoxmənzilli evlərdə yaradılan şəraitlə tanış oldu, burada məskunlaşan sakinlərlə görüşündə çıxış edərkən Böyük Qayıdış Proqramının hədəflərinə də toxundu. Aparılan quruculuq işləri Prezidentin qətiyyətinin və dövlətimizin gücünün təntənəsi, Azərbaycanın siyasi və iqtisadi gücünün əks etdirir.

Bərpa-quruculuq işləri inkişaf nümunəsinə çevrilib. Hazırda layihələrin uğurlu icrası dövlətimizin gücünün nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirir. Bu gün otuz illik işğaldan sonra yenidən öz əzəli və əbədi sahiblərinə qovuşmuş həmin torpaqlar yenidən dirçəlir, canlanır. Kəlbəcərin bir güllə atmadan azad olunması müdrik siyasətin, güclü diplomatiyanın nəticəsi idi. İşğal illərində Ermənistan hər yeri dağıtmış, kəndlərimizi viran qoymuş, təbiətimizi talan etmişdi. Lakin Azərbaycan xalqı dağıntılar içində belə təməli möhkəm olan bir iradəyə sahib idi. Bu gün həmin torpaqlarda mühüm infrastruktur layihələri həyata keçirilir. Prezident İlham Əliyevin “Onlar dağıtdılar, biz isə qurub-yaratdıq” sözləri bu günün reallığını əks etdirir. Bu mənzərə sübut edir ki, Azərbaycan xalqı həm müharibədə qalib gəlib, həm də sülh və quruculuq missiyasını şərəflə həyata keçirir. Qalibiyyətimizi daha da möhkəmləndirən amillər məhz dağıntıların yerində yeni həyat, yeni inkişaf və parlaq gələcəyin qurulmasıdır.

Bütün bunlar dövlətimizin Böyük Qayıdış proqramının ardıcıl icrasının göstəricisidir. Artıq Kəlbəcər müasir şəhər infrastrukturu ilə dünyanın ən gözəl yaşayış məkanlarından birinə çevrilməkdədir. Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayıb və öz gücünə Qələbə əldə edib. Heç şübhəsiz ki, bütün bu işlərin görülməsi Azərbaycan dövlətinin qüdrətini, qətiyyətini və iradəsini nümayiş etdirir.

Anar MƏMMƏDOV,

Milli Məclisin deputatı