26 avqust 2025 12:39
116

Azərbaycan-Türkmənistan: qarşılıqlı inam və etimad

Hər gün tarix yazan, hər gün tarixi uğurlara imza atan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bugünlərdə daha bir uğurlu səfərini gerçəkləşdirdi.

Dövlətimizin başçısı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də qardaş və dost Türkmənistanda işgüzar səfərə oldu. Səfər zamanı iki lider arasında təkbətək və geniş tərkibdə görüş baş tutdu.

“…Sizinlə burada, gözəl Avaza şəhərində görüşürük. Bu şəhər Sizin əsərinizdir. Siz qardaş Türkmənistanda çox əsərlər yaratmısınız, onlardan biri də Avazadır…” - deyən dövlət başçımız qeyd etdi ki, iki dövlət arasında olan dostluq, qardaşlıq əlaqələri Azərbaycan və türkmən xalqlarının iradəsinə əsaslanır.

Çünki xalqlarımız qardaşdır, dostdur, əsrlər boyu bir-biri ilə yaxın olublar. Xalqlarımızı ortaq tarix, mədəniyyət, dil, din birləşdirir. İki müstəqil dövlət olaraq, bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Eyni zamanda, energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə çox gözəl perspektivlər var. Həmçinin, nəqliyyat imkanlarına baxdıqda yeni potensial mövcuddur-Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu sahədəki birgə fəaliyyət, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək. Çünki bu gün Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı bizim ölkələrin ərazisindən keçir.

Səfərin ən uğurlu nəticəsi, ən uğurlu və tarixi göstəricisi isə heç şübhəsiz ki, üç ölkə lideri - Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında keçirən yüksəviyyəli görüş sayıla bilər.

Görüş zamanı öncə Qurbanqulu Berdiməhəmmədovun bir müddət öncə Azərbaycana səfərinə toxunan dövlət başçımız bildirdi ki, bu gün Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. Biz bu münasibətlərin bütün sahələrdə inkişafı üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

“…Füzuli şəhərində məscidin inşa olunması barədə qərara görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu səmimi qardaşlıq dəstəyi, jesti həmrəyliyin və mənəvi birliyin rəmzi kimi xalqımızın yaddaşında əbədi qalacaqdır. Eyni zamanda, Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrimizin yaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır”, - deyə bəyan edən Azərbaycan Prezidenti onu da vurğuladı ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur.

Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq. Dövlətimizin başçısı, eyni zamanda, qardaş və dost Özbəkistanla Azərbaycan arasında olan əlaqəli çox yüksək qiymətləndirdi. Qeyd etdi ki, Özbəkistanla bizi 2024-cü il avqustun 23-də imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” bağlayır.

Özbəkistanla qardaşlıq münasibətlərimiz qarşılıqlı dəstəyə, güclü mədəni tellərə və ortaq strateji məqsədlərə əsaslanır. Özbəkistanda bütün sahələrdə həyata keçirilən yeni islahatların nəticəsi olaraq ölkənin dinamik inkişafının, beynəlxalq nüfuzunun yüksəldilməsini və iqtisadi potensialının artmasını böyük məmnuniyyətlə izləyirik.

Xüsusilə, son illərdə Özbəkistanla bir çox sahələrdə, o cümlədən siyasi dialoqda, iqtisadi və humanitar əməkdaşlıqda əhəmiyyətli nəticələr əldə etmişik. Təbii ki, yüksəksəviyyəli görüşün yekunu olaraq, üç ölkə liderinin iştirakı ilə sənədlərin imzalanması mərasimi oldu.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər.

Eldar İbrahimov,
​YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor