Prezident İlham Əliyev ardıcıl olaraq Avropa və dünyanın aparıcı informasiya agentliklərinə geniş müsahibələr verir. Azərbaycanın regionda lider mövqeyə ucalması, Prezident İlham Əliyevin qalib sərkərdə və uğurlu iqtisadi strategiya yürüdən dövlət başçısı kimi tanınması nüfuzlu xarici KİV-lərin Azərbaycan rəhbərinə marağını daha da artırıb. Avqustun 26-da yayımlanan növbəti müsahibə Səudiyyə Ərəbistanın nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verilib. Dünya miqyasında geniş auditoriyaya malik olan bu telekanala verdiyi müsahibəsində Prezident İlham Əliyev bir sıra vacib məsələlərə toxunub, regional və beynəlxalq gündəmdə olan mövzularla bağlı Azərbaycanın qətiyyətli mövqeyini bildirib.
Dövlətimzin başçısı “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə Azərbaycanın sülh təşəbbüsləri və bu istiqamətdə atdığı qətiyyətli addımları bir daha aydın şəkildə nümayiş etdirdi. Prezidentimizin vurğuladığı kimi, məhz Azərbaycan Ermənistanla sülh danışıqlarına birinci başlamağı təklif edərək, bu sazişin layihəsini təqdim edib. Belə ağıllı siyasi gediş Azərbaycanın regionda sabitlik və əməkdaşlıq üçün nə qədər səmimi və prinsipial mövqe tutduğunu göstərir. 1994-cü ildən 2020-ci ilə qədər olan dövrdə müxtəlif beynəlxalq platformalarda, o cümlədən ATƏT-in keçirdiyi danışıqlar və monitorinqlər nəticəsiz, düşüncəsiz və formal xarakter daşıyırdı. Uzun illər boyu Ermənistanın qeyri-konstruktiv mövqeydə durması, müharibə ritorikasından əl çəkməməsi, beynəlxalq vasitəçilərin isə ikili standartlara söykənən qərəzli vasitəçiliyi səbəbindən münaqişənin həllində heç bir real irəliləyiş əldə olunmadı. Zəif olmasına baxmayaraq, heç kəslə hesablaşmır, özünü dikbaş aparırdı. Ermənistanın “ipə-sapa” yatmaması səbəbindən danışıqlar nəticəsiz qaldı. Niyyət bəlli idi: Azərbaycan işğalla barışana qədər vaxtı uzatmaq. Ancaq Prezdentin rəhbərlyi ilə sadə vətəndaşadək heç kəs bu fikir barədə düşünmək belə istəmirdi.
Nəhayət, Azərbaycan xalqı öz taleyini özü həll etməli oldu və 44 günlük Vətən müharibəsi gedişində ədaləti, beynəlxalq hüququ və milli ləyaqətini bərpa edərək ərazi bütövlüyünü təmin etdi. Qalib tərəf olmasına baxmayaraq, məhz Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi və Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh sazişi layihəsini təqdim etdi. Bu il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda imzalanmış sənəd bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası əsaslarla necə qurulmalı olduğunu əks etdirir və Azərbaycanın prinsipial mövqeyinə əsaslanır. Bu, həm də Azərbaycanın sülhə nə qədər sadiq olduğunu bir daha dünyaya nümayiş etdirir.
Rəsmi Bakı dövlətlərin inanıb etibar etdiyi bir siyasi-iqtisadi mərkəzə çevrilməkdədir. Buna dair bir neçə nümunə də göstərmək olar. Deməli, təzyiqlərə baxmayaraq, müstəqil siyasət yeridən ölkəmiz bütün sahələrdə uğurlarla irəliləyir, beynəlxalq aləmdə nüfuzunu daha da artırır.
Ermənistanla sülh sazişinin formal olaraq hələ imzalanmamasının əsas səbəbinə gəlincə, Prezident İlham Əliyev açıq şəkildə bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəalar hələ də qüvvədədir. O maddə sənəddən çıxarlmayınca etibarlı sülhdən danışmağa dəyməz. Dövlətimizin rəhbəri telekanala bu barədə deyib: “Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu kimi iddiaların aradan qaldırılması, yəni Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların çıxarılması sülh müqaviləsinin imzalanması üçün əsas şərtdir. Bu dəyişikliklər həyata keçirildikdən sonra iki ölkə arasında rəsmi sülh sazişinin imzalanması qaçılmaz olacaq.”
Dövlətimizin başçısı müsahibəsində Ermənistanla sülhün davamlılığı üçün əsas prinsipin qarşılıqlı şəkildə yerinə yetirilməsidir. Ermənistan dəfələrlə götürdüyü öhdəliyə əməl etməyib, verdiyi sözün arxasından qaçıb. Ola bilər ki, gələcəkdə Nikol Paşinyandan sonra hakimiyyətə gələn hər hansı bir daşnak onun qəbul etdikləri sənədləri qüvvədən salıb arxivə atar. Çünki onlar bizə və qardaş Türkiyəyə qarşı barbar hərəkətlər ediblər, yəni inamı itiriblər. Prezidentimiz buna bir daha yol verilməməsi, qan axmaması, yeni erməni nəsillərinin beyinlərində bizə qarşı əsassız düşmənçilyin cücərməməsi üçün uzaqgörən addım atır.
Prezident İlham Əliyev müsahibəsində çox aydın şəkildə Rusiya ilə münasibətlərin gərginləşmə səbəblərini göstərib: “Hər kəsə aydındır ki, Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə böyük məyusluq və təəssüf doğurdu.” Prezidentin "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibə Rusiya ilə münasibətlərin aktuallığını, həm də dövlət siyasətinin prinsipial xarakterini açıq şəkildə ortaya qoyur. Dövlət başçısı konkret faktlarla Rusiyada azərbaycanlılara qarşı baş verən zorakılıqları, işgəncələri və qətlləri diqqətə çatdırır. Burada əsas mesaj aydın şəkildə ifadə olunub - məsuliyyət Rusyanın üzərinə düşür, lakin bu dövlət insanların hüquqlarını qorumaq əvəzinə qanunları qəsdən özü pozur, sivil dünyaya orta əsr vəhşilikləri gətirməklə məşğul olur.
Vəli İlyasov, “İki sahil”