10 sentyabr 2025 11:22
125

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 %, yuxarı həddi isə 8 % səviyyəsində saxlanılıb.

"Bu qərar faktiki inflyasiyanın proqnoz inflyasiya trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslərin mümkün təsirləri, daxili makroiqtisadi vəziyyət, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib", - AMB bəyan edib.

Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5 % təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,2 %, ödənişli xidmətlər üzrə 5,6 %, qeyri-qida məhsulları üzrə isə 2,1 % təşkil edib. İllik baza inflyasiya isə 4,6 % olub.

Beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır. Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatına görə 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0,7 %, o cümlədən ərzaq qiymətləri indeksi 3,3 % azalıb. IMF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb.

Cari ilin ötən dövründə həm nağd, həm də qeyri-nağd seqmentləri əhatə etməklə valyuta bazarında ümumi təklif tələbi üstələmişdir. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1,5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29,3 %-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2,3 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 6,3 %-i səviyyəsində müsbət saldo qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 7 ayında da xarici ticarət balansının müsbət saldosu 1,6 milyard ABŞ dolları təşkil edib. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edib, AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq tarixi minimuma enib. AZIR indeksinin orta günlük səviyyəsi iyulda 7,15 %, avqustda 6,97 %, sentyabrın ötən dövründə isə 6,98 % olub. Ötən iclasdan bəri AZIR indeksi ilə yanaşı gəlirlik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Eyni zamanda fiziki şəxslərin manatla depozitləri üzrə faizlərdə azalmalar qeydə alınıb. Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə Mərkəzi Bank 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 8 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin sayı 19 % artıb.

Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam edir. Bu şəraitdə idxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur. Bu amil isə ticarət tərəfdaşlarında inflyasiyadan və nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Cari ilin sonunadək məcmu tələbin dinamikası başlıca olaraq dövlət xərclərinin icrasından asılı olacaqdır. 2025-ci ilin sonuna kredit qoyuluşlarının illik artım tempinin 2024-cü illə müqayisədə aşağı olacağı gözlənilir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın dəyişimi, oktyabrda yenilənəcək makroiqtisadi proqnozlar, eyni zamanda xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Proqnozlar yenilənərkən 2025-ci ilin qalan dövrü və 2026-cı il üzrə dövlət xərclərinin gözlənilən dinamikası da nəzərə alınacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il oktyabr ayının 22-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.