44 günlük Vətən müharibəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi; bu müharibə eyni zamanda, Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi planlı və amansız terror siyasətini üzə çıxardı. Ermənistanın hərbi-siyasi rəhbərliyi döyüş meydanında məğlubiyyətə düçar olduqca öz acizliyini və uğursuzluğunu gizlətmək məqsədilə müharibəni mülki əhaliyə qarşı yönəltdi. Təkcə 2020-ci il sentyabrın 27-dən oktyabrın 8-dək olan qısa müddətdə Ermənistan ordusunun yaşayış məntəqələrimizi ağır artilleriya və raket sistemlərindən atəşə tutması nəticəsində 31 nəfər mülki şəxs həlak oldu, 154 nəfər ağır və yüngül xəsarət aldı. Eyni dövrdə 928 fərdi ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşdü. Bu statistika bir daha göstərdi ki, işğalçının məqsədi döyüş zonasını məhdudlaşdırmaq yox, dinc əhalini məhv etmək və onlarda qorxu yaratmaq olub.
Hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri mülki şəxslərin və mülki obyektlərin qəsdən hədəfə alınmasının qadağan edilməsidir. 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları, həmçinin Roma Statusu bu prinsipləri aydın şəkildə müəyyən edir. Ermənistanın Gəncə, Bərdə, Mingəçevir, Tərtər və digər şəhərlərimizi raket atəşinə tutması, kasetli sursatlardan istifadə edilməsi və su anbarı kimi strateji olmayan mülki infrastruktura qarşı hücumlar beynəlxalq hüququn bu əsas norma və prinsiplərini kobud şəkildə pozdu. Gəncəyə atılan ballistik raketlər və Bərdədə istifadə olunan kasetli sursatlar sırf hərbi taktika kimi deyil, insanlıq əleyhinə yönələn terror aktı kimi qiymətləndirilməlidir. Bu hücumların həyata keçirildiyi bölgələrdə hərbi obyekt mövcud deyildi; yəni atəşin məqsədi mülki insanların qətlə yetirilməsi, genişmiqyaslı dağıntı və panika yaratmaq idi.
Bütövlükdə isə müharibənin başlandığını sentyabrın 27-dən başa çatdığı noyabrın 10-dək olan müddətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə 30 minə yaxın artilleriya mərmisi və 227 raket atması və bu hücumların əksəriyyətinin dinc məntəqələrə yönəlməsi faktı bir daha sübut etdi ki, bu, təsadüf deyil, planlı siyasət idi. Həmin hücumlar təbii ki, yalnız fiziki ziyanla məhdudlaşmadı; toplumu psixoloji olaraq da hədəf aldı, dərin izlər qoydu və gələcək nəsillərin yaddaşında yaralar açdı. Gəncənin təkrar-təkrar raket və artilleriya atəşinə məruz qalması bu şəhərin sakinlərinin gündəlik həyat ritmini pozdu. Oktyabrın müxtəlif tarixlərində — 4-də, 5-də, 8-də, 11-də və 17-də baş vermiş hücumlar nəticəsində onlarla mülki vətəndaş həlak oldu, yüzlərlə insan yaralandı və çoxsaylı mənzillər dağıldı. Ermənistanın məqsədyönlü şəkildə hərbi əməliyyatları cəbhə zonası ilə məhdudlaşdırmaması, uzaq məsafələrdə yerləşən şəhərləri atəşə tutması onun dövlət səviyyəsində insanlığa qarşı yönələn siyasət yürütməsi demək idi.
Müharibənin gedişində düşmən tərəfindən informasiya məkanında da məkrli oyun aparıldı. İşğalçı tərəfin hakim dairələri və onların birtərəfli narrativə xidmət edən KİV-ləri hadisələri pərdəarxasına atmaq, günahlarını kiçiltmək və vətəndaşların gözündə məsuliyyətdən yayındırmaq üçün müxtəlif manipulyasiyalara əl atdı. Lakin hadisə yerlərindən yayılan foto və videogörüntülər, həm yerli, həm də xarici jurnalistlərin şahidlik etdiyi faktlar bu cəhdləri alt-üst etdi.
Göründüyü kimi, hüquqi baxımdan Ermənistana qarşı irəli sürülə biləcək iddialar mahiyyətcə güclüdür. Cenevrə Konvensiyalarının pozulması, Roma Statusu çərçivəsində insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi təsnif edilən əməl və əməllərin mövcudluğu beynəlxalq hüquqi proseslərin başlanması üçün əsas yaradır. Lakin təəssüf ki, beynəlxalq hüquq-mühafizə mexanizmləri bəzən siyasi təzyiqlər və geosiyasi balanslar səbəbindən lazımi sürət və qətiyyətlə işə düşmür. Bu isə ədalətin bərpası üçün beynəlxalq birlikdən daha fəal və prinsipial mövqe tələb edir.
Mənəvi aspektə gəldikdə isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi hərəkətlər təkcə hüquqi deyil, həm də dərin etik-siyasi təqsirdir. Uşaqların, qadınların, yaşlı insanların hədəfə alınması, şəhərlərin, kəndlərin dağıdılması insanlıq dəyərlərinə qarşı yönələn ağır cinayətdir. Bu kimi faktlar həmin cəmiyyətin uzun müddət formalaşmış revanşist və irqçi ideologiyasının nəticəsi kimi qiymətləndirilməli, amma eyni zamanda, kollektiv günahlandırmadan uzaqlaşaraq məsul şəxslərin və strukturların fərdi məsuliyyətinin müəyyənləşdirilməsi tələb edilməlidir.
Azərbaycan xalqının bu ağır sınaq qarşısında göstərdiyi həmrəyliyə də ayrıca diqqət yetirmək lazımdır. Dinc sakinlərin qarşılaşdığı terror və zorakılıq cəmiyyətimizdə ruh düşkünlüyü yaratmadı; əksinə, bu hadisələr milli birlik və vətənpərvərlik duyğusunu daha da gücləndirdi. Hər bir zərərçəkən ailəyə yardım göstərilməsi, yaraların sağaldılması, həmçinin döyüş zamanı vətəndaşların hüquqlarının müdafiəsi üçün mövcud dövlət mexanizmlərinin işləməsi və beynəlxalq platformalarda hadisələrin dəqiq, faktlara əsaslanan şəkildə təqdim edilməsi Azərbaycanın haqq davasının möhkəmlənməsinə xidmət etdi.
Nəticə etibarilə müharibə dövründə dinc əhaliyə qarşı törədilən cinayətlər təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün ciddi xəbərdarlıqdır. Azərbaycanın mövqeyi isə aydındır: sülh ədalət üzərində qurula bilər və ədalətin bərpası cinayətkarların layiqli cəzalarını alması ilə mümkündür. Bu tələb yalnız bir xalqın yox, ümumbəşəri dəyərlərin tələbidir və gələcək nəsillər üçün ibrət dərsi rolunu oynayacaq.
Nigar Orucova, "İki sahil"