2025-ci ilin oktyabr ayında Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunun artmasının bariz göstəricisi oldu.
Prezident nitqinə Qəbələnin tarixi əhəmiyyətini vurğulamaqla başladı: “Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi.” Bu giriş həm qonaqlara hörmət ifadəsi idi, həm də Azərbaycanın mədəni irsinin tanıdılması baxımından strateji idi.
Türk Dövlətləri Təşkilatının güclənməsi Prezident İlham Əliyevin çıxışında strateji bir xətt kimi ön plana çəkildi. O, təşkilatın artıq sadəcə mədəni və tarixi bağlarla birləşən dövlətlərin platforması olmadığını, həm də ciddi geosiyasi güc mərkəzinə çevrildiyini vurğuladı. Bu fikri ilə Prezident Türk dünyasının beynəlxalq arenada daha təsirli və koordinasiyalı fəaliyyət göstərməsinin vacibliyini ortaya qoydu. Bundan əlavə, Prezident İlham Əliyev Azərbaycanın təşkilata verdiyi maliyyə dəstəyini də açıqladı. O, ölkəsinin Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə ayırdığını bildirdi. Bu fakt Azərbaycanın təşkilatın inkişafına verdiyi töhfənin göstəricisidir.
Görüşdə sülh və təhlükəsizlik məsələləri xüsusi yer tutdu. Regional sabitliyin qorunması və geosiyasi çağırışlara qarşı vahid mövqedən çıxış etməyin vacibliyi vurğulandı. Prezident İlham Əliyev təşkilatın təməl sənədi olan Naxçıvan Sazişinə istinad edərək, bu prinsiplərin hüquqi əsasını xatırlatdı. O, üzv dövlətlər arasında hərbi əməkdaşlığın gücləndirilməsini təklif edərək konkret təşəbbüs irəli sürdü. Belə ki, Prezident tərəfindən 2026-cı ildə Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklif olundu — bu təşəbbüs strateji koordinasiyanın gücləndirilməsinə yönəlib. Bu təklif təhlükəsizlik sahəsində qarşılıqlı etimadın artırılması və operativ əməkdaşlığın qurulması məsələsinin zəruri olduğunu göstərdi. Həmçinin, ortaq müdafiə mexanizmlərinin formalaşdırılması ideyası da gündəmə gətirildi, bu isə təşkilatın struktur baxımından daha da möhkəmlənməsinə xidmət edir.
Türk dövlətləri arasında siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsi yalnız regional inkişaf üçün deyil, həm də qlobal miqyasda türk dünyasının nüfuzunun artması baxımından həyati əhəmiyyət daşıyır. Ortaq dil, mədəniyyət və tarixi köklər üzərində qurulan bu əməkdaşlıq, strateji layihələr və ticarət əlaqələri vasitəsilə daha da möhkəmləndirilməlidir. Enerji, nəqliyyat, texnologiya və investisiya sahələrində birgə təşəbbüslər həm iqtisadi gücümüzü artırar, həm də siyasi mövqeyimizi daha sabit və təsirli edər. Bu istiqamətdə atılan hər addım türk dövlətlərinin birliyini praktik müstəviyə daşıyır və gələcək nəsillər üçün dayanıqlı inkişafın təməlini qoyur.
Zülfiyə Hüseynli,
YAP Xətai rayon təşkilatının fəalı