Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etmək istərdim” fikri iki ölkə arasında möhkəm dostluq, qarşılıqlı hörmət və strateji əməkdaşlığın bariz göstəricisidir. Bu ifadə həm Azərbaycan xalqının Tacikistan xalqına olan səmimi münasibətini, həm də regionda formalaşan mehriban qonşuluq və əməkdaşlıq mühitini əks etdirir.
Tacikistan Prezidenti Emoməli Rəhmonun rəhbərliyi ilə son illərdə ölkədə böyük iqtisadi və sosial islahatlar həyata keçirilmiş, mühüm infrastruktur layihələri icra olunmuşdur. Enerji, nəqliyyat, kənd təsərrüfatı və sənaye sahələrində əldə olunan nailiyyətlər Tacikistanın regionda sabit inkişaf edən dövlətlərdən birinə çevrilməsini təmin etmişdir. Azərbaycan dövləti bu uğurları qardaş xalqın iradəsinin və müdrik rəhbərliyin nəticəsi kimi yüksək qiymətləndirir.
Azərbaycan və Tacikistan arasındakı münasibətlər dərin tarixi köklərə əsaslanır. Hər iki xalq qədim mədəni irsə, ortaq dini və mənəvi dəyərlərə malikdir. Məhz bu birliyə əsaslanaraq, iki ölkə müasir dövrdə də qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri üzərində möhkəm münasibətlər qurmuşdur.
Bu münasibətlər təkcə siyasi sahə ilə məhdudlaşmır. İqtisadi, humanitar, təhsil və mədəniyyət istiqamətlərində də geniş əməkdaşlıq mövcuddur. İki ölkə arasında həyata keçirilən birgə layihələr, qarşılıqlı səfərlər və mədəni mübadilələr xalqlar arasında daha sıx əlaqələrin yaranmasına zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistanın uğurlarına göstərdiyi bu səmimi münasibət, əslində, regionda birliyə, qarşılıqlı hörmətə və sülhə çağırış kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyev öz çıxışlarında daim regional əməkdaşlığın gücləndirilməsinin, xalqlar arasında dostluq əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayır. Bu yanaşma həm MDB məkanında, həm də Türk Dövlətləri Təşkilatında Azərbaycanın fəal və etibarlı tərəfdaş kimi rolunu daha da möhkəmləndirir.
Tacikistan da öz növbəsində Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi təşəbbüsləri dəstəkləyir. İki ölkə bir çox beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini müdafiə edir, qlobal çağırışlara qarşı birgə mövqe sərgiləyir. Bu, xalqlarımızın bir-birinə olan etimadının və ortaq məqsədlərin göstəricisidir.
Azərbaycan–Tacikistan dostluğunun əsas dayaqlarından biri də humanitar əməkdaşlıqdır. Təhsil və mədəniyyət sahələrində həyata keçirilən mübadilələr, tələbə proqramları və mədəniyyət günləri xalqlar arasında qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin qardaş Tacikistan xalqına ünvanladığı bu təbrik, sadəcə diplomatik jest deyil, həm də regional həmrəyliyin və mənəvi yaxınlığın ifadəsidir. Bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyi, iqtisadi və mədəni əlaqələrin daha geniş miqyas alacağı şübhəsizdir.
Azərbaycan və Tacikistan arasında formalaşmış bu sarsılmaz dostluq və əməkdaşlıq münasibətləri regionda sülhün, sabitliyin və qarşılıqlı inkişafin qorunmasında mühüm rol oynayır.
Turanə Əmiraslanova,
YAP Xətai rayon təşkilatının fəalı