15 oktyabr 2025 16:12
160

Fransada siyasi böhran davam edir: Makron müxalifəti Milli Assambleyanı buraxmaqla hədələyib

Fransa Prezidenti Emmanuel Makron hökumətə qarşı təqdim olunmuş etimadsızlıq təkliflərinin qəbul ediləcəyi təqdirdə, müxalifəti Milli Assambleyanı buraxacağı ilə hədələyib.

“İki sahil” xəbər verir ki, bu haqda Baş nazir Sebastyan Lökornü hökumətin ilk iclasında deyib.

Prezident Makronun sözlərini hökumətin sözçüsü Mod Bröjon (Maud Bregeon) mətbuat konfransında belə çatdırıb: "Etimadsızlıq təklifləri, əslində, Milli Assambleyanın buraxılması deməkdir". Makron bildirib ki, Fransa siyasi böhran yaşayır, lakin hələ rejim böhranına çevrilməyib. Buna görə də kompromislər vacibdir və institusional sabitliyi qorumaq əsas məqsəd olmalıdır.

İclasda, həmçinin 2026-cı il üçün büdcə layihəsi də təqdim olunub. M. Bröjon deyib ki, büdcə, fransızların müdafiəsini, dövlət xərclərinin idarə olunmasını və ictimai xidmətlərin qorunmasını hədəfləyir. Zənginlər və böyük şirkətlərdən daha çox töhfə gözləniləcək. Hökumət sözçüsü, eyni zamanda, vurğulayıb ki, iqtisadi artım və məşğulluq dəstəklənəcək. Tədbirdə sosial təminat sisteminin maliyyələşdirilməsi ilə bağlı ikinci əsas layihə də gündəmdə olub.

Hökumətə qarşı etimadsızlıq təklifləri “Əyilməz Fransa” (La France Insoumise -LFI) və Milli Birlik (Rassemblement National-RN) partiyaları tərəfindən təqdim olunub. Bu təkliflər oktyabrın 17-də Milli Assambleyada müzakirəyə çıxarılacaq.

"Əgər bizi cəzalandırmaq istəyirlərsə, buyursunlar, amma bunu konkret mətn və açıq debat əsasında etsinlər. Gələcəyi olmayan siyasi böhranlara qapılmaq lazım deyil", - deyə M. Bröjon müxalifətə çağırış edərək deyib.

Qeyd edək ki, Fransa siyasi arenasında gərginlik maksimum həddə çatıb. Makronun Milli Assambleyanı buraxma təhdidi hökumətin taleyinin parlament debatlarından asılı olduğunu göstərir.