Almaniya NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün “Eurofighter” tipli döyüş təyyarələrini Polşadakı Malbork hərbi hava bazasında yerləşdirəcək.
“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısında məlumat verib.
“Biz patrul uçuşları ilə şərq cinahının qorunmasına töhfə verəcəyik”, - deyə nazir qeyd edib.
Bu tapşırıq üçün ayrılacaq təyyarələrin sayı barədə məlumat verilməsə də, bir neçə döyüş təyyarəsinin nəzərdə tutulduğu vurğulanıb. Bu qərar təhlükəsizlik baxımından həssas bir dövrdə - son həftələrdə rus hərbi təyyarələrinin NATO ölkələrinin hava məkanını bir neçə dəfə pozması fonunda qəbul olunub.
Qeyd edək ki, hazırda Bundesver Şərqi Avropada bir neçə missiyada iştirak edir. “Gücləndirilmiş Hava Patrulu Cənub” (Enhanced Air Policing South) əməliyyatı çərçivəsində “Eurofighter” təyyarələri Rumıniyada yerləşdirilib.
Bundan başqa, Almaniyanın Hərbi Hava Qüvvələri son vaxtlar Rostok-Laaqe bazasında döyüş təyyarələrinin sayını artırıb. Bu bazanın Baltik dənizinə yaxınlığı sayəsində NATO sərhəd zonası da oradan müşahidə olunur.