16 oktyabr 2025 01:58
116

Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir

Dövlət başçısı İlham Əliyev Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində də bu reallığı xüsusi qeyd edir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa, quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını, icra imkanlarını nümayiş etdirir

Bu gün paytaxt Bakı ilə yanaşı, azad edilmiş ərazilərimizin, regionlarımızın beynəlxalq tədbirlər üçün ideal məkan qəbul edilməsi qüruruverici hadisələrdəndir. Tarixi Zəfərimizdən sonra BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən Azərbaycan Milli Şəhərsalma forumları üçün azad edilmiş ərazilərimizin məkan seçilməsi hər birimizi qürurlandırır. Ağdam, Zəgilan şəhərlərinin ardınca Xankəndi şəhəri bu tədbirə ev sahibliyi edir. Suverenliyimizin bərpasından sonra Xankəndi şəhəri qısa müddətdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə diqqətdədir. Bu il Xankəndi şəhəri bir sıra önəmli tədbilərə ev sahibliyi edib.

Oktyabrın 15-də Xankəndi şəhərində "İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda 3-cü Milli Şəhərsalma Forumu işə başladı. Tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) ilə tərəfdaşlığı çərçivəsində reallaşır. Tədbirdə 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər. Üç gün davam edəcək tədbir şəhərsalma sahəsində aktual çağırışların və imkanların müzakirəsi üzrə yerli və beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynayacaq. Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji üzrə effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr aparılır.

Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar ediləcək. Eyni zamanda, şəhərsalma üzrə tədqiqatlar aparan nüfuzlu akademik heyətin iştirakı ilə təşkil olunan müzakirələr bu sahədə bilik mübadiləsini gücləndirəcək, elmə əsaslanan dayanıqlı qərarların qəbuluna təkan verəcək. Foruma oktyabrın 17-də Bakıda yekun vurulacaq.

Forumun açılış mərasimindəki çıxışlarda bu reallıq diqqətə çatdırıldı ki, Milli Şəhərsalma Forumu dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır və Azərbaycanın urbanizasiya siyasətini beynəlxalq standartlara uyğunlaşdırmaq təşəbbüsü baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Bakıdan Qarabağadək, ölkənin bütün bölgələrinə qədər genişmiqyaslı şəhərsalma transformasiyası həyata keçirilir. Bu transformasiya Azərbaycanın dayanıqlı inkişaf, innovativ şəhərsalma və inklüziv böyüməyə olan sadiqliyini əks etdirir. Azərbaycanda keçirilən Milli Şəhərsalma forumları dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma kimi çıxış edir. 2022-ci ildəki ilk Forum hökumət nümayəndələri, ekspertlər və beynəlxalq tərəfdaşları bir araya gətirərək, milli şəhərsalma çərçivəsini formalaşdırmağa imkan verdi. Bu təməlin üzərində 2023-cü ildə keçirilən ikinci Forum əməkdaşlıq mühitini daha da gücləndirib və innovasiyaların təşviq edilməsi ilə yanaşı, Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu təmin etdi. Son üç ildə Milli Şəhərsalma Forumu sadəcə adi tədbir deyil, davamlı şəhərsalma sahəsində dialoq, əməkdaşlıq və ortaq irəliləyiş üçün institusional bir platformaya çevrilib.

Tarixi Zəfərimizdən sonra ənənə halını alan Milli Şəhərsalma forumları Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin bu sahədə zəngin təcrübəsini dünyaya təqdim edir. 2022-ci ildə Ağdam, 2023-cü ildə Zəngilan şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumlarına qatılan iştirakçıların say tərkibinə diqqət yetirdikdə də tədbirin əhəmiyyəti özünü aydın şəkildə nümayiş etdirir. Forumlar üçün seçilən mövzular dövrün çağırışlarını özündə ehtiva edir. Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən Forum 44 ölkədən 130-dan çox nümayəndəni, ümumilikdə isə 400 nəfərdən çox qonağı bir araya gətirdi. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından nadir və uğurlu platforma oldu.

Onu da qeyd edək ki, 2022-ci il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Ümumdünya Şəhər Forumu BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hər iki ildən bir keçirilir. Yeri gəlmişkən qeyd edək ki, 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək.

2023-cü ilin sentyabrında Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış oldu. 53 ölkədən 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı tədbirə qatıldı. Dövlət başçısı İlham Əliyevin qeyd olunan Forumun açılışında qeyd etdiyi kimi, bu, bizim ikinci Azərbaycan Milli Şəhərsalma Forumumuzdur, bizim dostluğumuzun təzahürüdür. Bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək.

Dövlət başçısı İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində də bu məqamlara xüsusi diqqət yönəldilir. “Azərbaycanda üçüncü dəfə təşkil olunan və artıq ənənə halını almış bu tədbir şəhərsalma sahəsində milli, regional və beynəlxalq tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni təşəbbüslər formalaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün mühüm platforma rolunu oynayır” söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində keçirilən Milli Şəhərsalma forumları Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının növbəti parlaq təzahürüdür. Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir.

Cənab İlham Əliyev müraciətində bildirir ki, otuz il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində şəhər və kəndlər tamamilə viran edilmiş, tarixi-mədəni irsimiz dağıdılmış, torpaqlar geniş miqyasda mina çirklənməsinə məruz qalmış, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu. Bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadrat kilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.

Hazırda azad edilmiş ərazilərimizdə müasir dövrün çağırışlarına uyğun olaraq həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri göz qabağındadır. Son beş ildə bu ərazilərdə görülən işlər ölçüyəgəlməzdir. Bərpa işlərinə infrastruktur layihələrinin icrasından başlanılması da səbəbsiz deyil. 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir. Qısa müddətdə Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Qarabağın, Şərqi Zəngəzurun hava qapısının dünyaya açılması tarixi Zəfərimizin yaratdığı reallıqların dünyaya təqdimatı, Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji enerji təhlükəsizliyinin təmin edilməsinə də xüsusi önəm verilir. “Yaşıl enerji zonası” elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. “Ağıllı kənd” layihəsinin ilk iştirakçısı Zəngilan rayonunun Ağalı kəndidir. Artıq bu kənd sakinlərinə qovuşub.

Cənab İlham Əliyevin müraciətində də vurğulandığı kimi, regionda iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir. Eyni zamanda, salınan yeni yol infrastrukturu sayəsində Qarabağ və Şərqi Zəngəzurun Bakı və ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsi bu regionların sürətli iqtisadi və sosial inkişafına xidmət edir. Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində artıq 60 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır.

Təbii ki, Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır. Uzun illər işğal altında qalmış bu şəhər bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir. Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir. Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.

Prezident İlham Əliyev müraciətində diqqəti 2026-cı ildə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına yönəldərək bildirdi ki, bugünkü Forum 13-cü Ümumdünya Şəhərsalma Forumuna gedən yolda mühüm mərhələdir. Burada aparılan müzakirələr şəhərlərin planlaşdırılması, bərpası və davamlı inkişafı sahəsində strateji təşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək, gələcək nəsillər üçün daha yaşıl, inklüziv və firavan yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək.

13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlıq işlərinə artıq başlanılıb. Hazırda UN-Habitat ilə sıx əməkdaşlıq çərçivəsində Forumun təşkilati məsələləri, proqramı, məzmunu və iştirakçılarla bağlı hazırlıq işləri görülür. Ümumdünya Şəhərsalma Forumu BMT tərəfindən təşkil edilən ikinci ən böyük tədbir hesab olunur. Ötən il Bakıda keçirilən COP29 iqlim konfransında da şəhərsalma mövzusu əsas müzakirə mövzularından biri oldu. Gələcək COP tədbirlərində də bu istiqamətdə işlər davam etdiriləcək. 2026-cı ilin may ayında Bakının ev sahibliyi edəcəyi Forum çərçivəsində bir sıra nazirlərin iclasları, dəyirmi masalar və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Hazırlıq işləri artıq koordinasiyalı şəkildə həyata keçirilir və tədbirin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirilir. 13-cü Ümumdünya Şəhərsalma Forumu 2026-cı il mayın 18-22 tarixlərində keçiriləcək.

Paytaxt Bakımız hər zaman gözəlliyi, müasirliklə qədimliyin vəhdətini yaratması ilə göz oxşayıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda sabitliyin bərpası ilə iqtisadi durumun yaxşılaşdırılması istiqamətində atılan addımlar ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına, respublikamızın böyük investisiyalar məkanına çevrilməsinə səbəb oldu. Yaradılan möhkəm təməl 2003-cü ildən bu günəgək islahatlar prosesinin dərinləşməsinə geniş imkanlar yaratdı. Dövlət başçısı İlham Əliyevin yeniliyə, təkmilləşməyə marağı atılan hər addımda öz təsdiqini tapır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşdı. Bu islahatlar ölkənin siyasi, iqtisadi qüdrətinin yüksəlməsini təmin etdiyi kimi, paytaxtımızın, şəhər və kəndlərimizin simasının dəyişilməsinə də töhfəsini verir. Dünyanın aparıcı dövlətlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında paytaxt Bakımız füsünkar gözəlliyi ilə liderliyini qoruyur. Belə ki, dünyanın «Ən yaşamalı şəhərlər»in reytinq cədvəl və hesabatında yer alan şəhərlər arasında Bakının adının çəkilməsi Azərbaycanda aparılan sosial, iqtisadi inkişafın məntiqi nəticəsidir. Azərbaycan daim yeniləşən, müasirləşən respublikadır. Təbii ki, bu inkişaf paytaxtdan başlayaraq bölgələri də əhatə edir. Cənab İlham Əliyevin imzaladığı Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası nəticəsində paytaxtımızın memarlıq abidələri Şərq üslubu saxlanılmaqla bərpa edildi, müasirliklə qədimliyi tamamlayan yeni binalar tikilir. Bakı və Bakıətrafı ərazilərin inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində siması dəyişən, modernləşən, qədim, tarixi memarlıq nümunələri müasir siması ilə uzlaşan paytaxtımız turizmin inkişafı baxımından da cəlbedicidir. Bu inamı şərtləndirən amillər saysızdır.

Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri ilə bir səviyyəyə yüksəltmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir. Bu gün Azərbaycanın azad edilmiş ərazilərinin Milli Şəhərsalma forumlarına ev sahibliyi etməsi artıq əsas məqamlara aydınlıq gətirir. Prezident İlham Əliyev Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda bildirmişdir ki, hazırda biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Bu tədbir Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcıdır. Ağdam və dünyanın bir çox şəhərləri qardaş şəhərlər olacaq. Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri «urbisid qurbanı» idi. Bu da tamamilə doğru idi. Digər ad «ruhlar şəhəri» idi. Bu da tamamilə doğrudur: «Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq.”

Göründüyü kimi, Azərbaycan Milli Şəhərsalma forumlarının mövzuları kimi, keçirilmə məkanlarının da dəyişməsi səbəbsiz deyil. Azad edilmiş hər bir ərazimiz 30 illik işğal dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında mənbədir. Bu torpaqlar artıq dağıntı mərhələsini arxada qoyub quruculuq dövrünü yaşayır. Bu torpaqlarda müasir idarəçilik sisteminin tətbiqi bərpa-quruculuq işlərinin səmərəliliyinə və yenilikləri əhatə etməsinə imkanlar yaradır. Xankəndi şəhəri bu gün növbəti ev sahibliyi ilə diqqəti özünə yönəldib.

Yeganə Əliyeva, “İki sahil”