16 oktyabr 2025 00:35
115

Azərbaycanda neft və qaz hasilatında artım qeydə alınıb

Energetika Nazirliyi: Cari ilin 9 ayında ölkədə 38,2 milyard kubmetr qaz və 20,7 milyon ton neft hasil edilib

Azərbaycanda enerji sektorunun dayanıqlı inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər 2025-ci ilin ötən dövründə də öz müsbət nəticələrini göstərib. Energetika Nazirliyinin açıqladığı operativ məlumatlara əsasən, cari ilin yanvar-sentyabr aylarında respublikada neft və təbii qaz hasilatında sabitlik qorunub, bəzi istiqamətlər üzrə isə artım qeydə alınıb.

Hasil olunan neftin və qazın əsas hissəsi ölkənin iri yataqları – “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və “Abşeron”un payına düşüb. SOCAR üzrə hasilat göstəriciləri də əvvəlki illərlə müqayisədə artım dinamikasını saxlayıb. Eyni zamanda, ixracın həcmi və istiqamətləri üzrə sabit balans təmin olunub, Avropa və region ölkələrinə enerji tədarükü etibarlı şəkildə davam etdirilib. Hesabat dövründə həm neftin emalı, həm də qaz hasilatı sahəsində müsbət göstəricilər əldə olunub. Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələr hasilatın davamlılığını, ixrac potensialının artırılmasını və enerji təhlükəsizliyinin möhkəmlənməsini təmin edir.

2025-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon tona yaxın təşkil edib.Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı məlumatlarında deyilir. Nazirliyin məlumatlarına əsasən, bu dövrdə 17,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 14,9 milyon tonu konsorsiumların, 2,1 milyon tonu SOCAR-ın, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Qeyd edək ki, bu ilin 9 ayında xam neft hasilatı orta hesabla gündəlik 62 min ton (458 min barrel), kondensat hasilatı 13.7 min ton (112 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75.7 min ton (570 min barrel) olub.

Hesabat dövründə neftin emalı 4,6 milyon ton təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 38,2 milyard kubmetr təbii qaz hasil edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 milyard kubmetr və ya 2,96 % çoxdur. Qazın 10,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20,9 milyard kubmetri “Şahdəniz”in, 1,2 milyard kubmetri “Abşeron” yatağının, 5,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb. SOCAR üzrə qaz hasilatının həcmi 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,2 milyard kubmetr və ya 3,5 % çoxdur. Bildirilir ki, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə AÇG-dən qaz hasilatı 0,4 milyard kubmetr və ya 4,1 % çoxdur. Həmçinin "Şahdəniz" yatağından hasil olunan 20,9 milyard kubmetr təbii qaz ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 milyard və ya 1,95 % çoxdur.

Ötən 9 ay ərzində xaricə qaz ixracı 18,3 milyard kubmetr təşkil edib. Bunun 9,4 milyard kubmetri Avropanın, 7,3  milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,3 milyard kubmetr), 1,6 milyard kubmetrə yaxını isə Gürcüstanın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 oktyabr 2025-ci il tarixinədək 665,1 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 497,7 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 613,6 milyon ton neft, 240 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 51,5 milyon tona yaxın kondensat, 257,7 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 663 milyon ton neft, 185,7 milyard kubmetr qaz ixraca nəql edilib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur. "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub. "Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.

Orxan Vahidoğlu, “İki sahil”