Bu gün dünyada beynəlxalq səviyyədə tanınmış 195 müstəqil dövlət var ki, onlardan 193-ü Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvüdür. Vatikan və Fələstin Dövlətləri isə BMT-yə üzv olmayan, lakin beynəlxalq səviyyədə tanınan dövlətlərdir.
Qlobal iqtisadi göstərici isə ondan ibarətdir ki, 195 ölkədən yalnız 10-u dünya iqtisadiyyatında əsas güc hesab edilirlər. Bunlar ABŞ, Çin, Almaniya, Yaponiya, Hindistan, Böyük Britaniya, Fransa, İtialiya, Braziliya, və Kanadadır. Həmin ölkələr qlobal ümumi daxili məhsuladakı (ÜDM) paylarına görə dünyanın ən böyük iqtisadiyyatlarından hesab edilirlər.
Beynəlxalq Valyuta Fondunun açıqlamasına görə, son bir ildə ABŞ iqtisadiyyatı nominal ÜDM-ə görə (27,9 trilyon ABŞ dolları) dünyanın ən böyüyüdür. Bu ölkədə ÜDM-in ən böyük hissəsini xidmət sektoru təşkil edir. ABŞ-da maliyyə, daşınmaz əmlak, sığorta, peşəkar və biznes xidmətləri, səhiyyə və s. İqtisadiyyatı nisbətən açıqdır, bu da çevik biznes investisiyalarına və xarici birbaşa investisiyalara şərait yaradır. Sözügedən ölkə beynəlxalq arenada aparıcı geosiyasi gücdür və dünyanın əsas ehtiyat valyutasının istehsalçısı kimi böyük xarici dövlət borcunu saxlaya bilir.
Çin Xalq Respublikası nominal ÜDM-ə görə (18,5 trilyon ABŞ dolları) dünyanın ikinci ən böyük, PPP-yə (Purchasing Power Parity – Alıcılıq Qüvvəsi Pariteti) görə isə ən böyük iqtisadiyyatına sahibdir. Son 20 ildə Çin iqtisadiyyatında tarixi artım müşahidə olunub, Bu da bəzi iqtisadçıların gələcəkdə Çinin ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük iqtisadiyyatı ola biləcəyi barədə ehtimallar irəli sürməsinə səbəb olub. Son 40 ildə Çin iqtisadiyyatını mərhələli şəkildə açdıqca, ölkədə iqtisadi inkişaf və həyat səviyyəsi xeyli yaxşılaşıb. Hökumət kollektivləşdirilmiş kənd təsərrüfatı və sənayeni tədricən aradan qaldırıb, bazar qiymətlərində daha çox çeviklik tətbiq edib, bizneslərə daha çox müstəqillik veri. Nəticədə isə daxili və xarici ticarət və investisiyalar sürətlə artıb.
Dünyanın üçüncü böyük iqtisadiyyatına Almaniya sahibdir. Ölkənin son bir ildəki ÜDM-i 4,7 trilyon ABŞ dollarına yüksəlib. Almaniya eyni zamanda Avropanın birinci ən böyük iqtisadiyyatına malikdir. Bu ölkə avtomobillər, maşınlar, kimyəvi məhsullar və digər sənaye mallarının aparıcı ixracatçılarındandır və yüksək ixtisaslı işçi qüvvəsinə malikdir. Lakin Almaniya iqtisadi artımı üçün bəzi demoqrafik çətinliklərlə üzləşir. Onun aşağı doğum səviyyəsi yaşlanan işçi qüvvəsini əvəzləməyi çətinləşdirir, yüksək miqrasiya səviyyəsi isə sosial təminat sisteminə təzyiq göstərir.
Yaponiya 4,3 trilyon ABŞ dollarlıq ÜDM-lə dünyanın dördüncü ən böyük iqtisadiyyatıdır. Hökumət və sənaye arasında güclü əməkdaşlıq, eləcə də qabaqcıl texnoloji biliklər Yaponiyanın istehsal və ixracyönümlü iqtisadiyyatını formalaşdırıb. Bir çox böyük yapon şirkətləri keiretsu adlanan, (keiretsu-yaponyada biznes qrupu üçün bir termindir və bir-biri ilə əlaqəli şirkətlərin şəbəkəsini ifadə edir. Bu şəbəkə, müstəqil fəaliyyət göstərən lakin bir-biri ilə sıx əməkdaşlıq edən və bəzən bir-birinin səhmlərinin kiçik hissələrinə sahib olan şirkətləri əhatə edir) şirkət şəbəkələri şəklində təşkil olunub. Düzdür, Yaponiya təbii sərvətlər baxımından kasıbdır və enerji idxalından asılıdır. Lakin burada insan kapitalı da ən yüksək səviyyədədir.
Hindistan 4,1 trilyon ABŞ dolları həcmindəki ÜDM-lə dünyanın beşinci ən böyük iqtisadiyyatına sahibdir. Hindistanın iqtisadiyyatı ənənəvi kənd təsərrüfatı və əl işləri ilə yanaşı, sürətlə inkişaf edən müasir sənaye və mexanikləşdirilmiş kənd təsərrüfatının qarışığından ibarətdir. Hindistan texnologiya xidmətləri və biznes autsorsinqinin (autsorsinq şirkətin müəyyən biznes funksiyalarını, məsələn, İT, maliyyə və ya marketinq xidmətlərini daha peşəkar və səmərəli həyata keçirə bilən ixtisaslaşmış kənar şirkətlərə həvalə etməsidir) əsas ixracatçılarından biridir. Xidmət sektoru isə onun iqtisadi istehsalında böyük paya malikdir.
Böyük Britaniya 3,6 trilyon ABŞ dollarlıq ÜDM-lə dünyanın altıncı ən böyük iqtisadiyyatıdır. Böyük xidmət sektoru, xüsusilə maliyyə, sığorta və biznes xidmətləri Birləşmiş Krallığın iqtisadiyyatını hərəkətə gətirən əsas sahələrdir.
Fransa 3,2 trilyon ABŞ dollarlıq ÜDM-lə ı dünyanın yeddinci ən böyük iqtisadiyyatına sahibdir. Turizm onun mühüm sənaye sahəsidir və hər il ən çox turist qəbul edən ölkədir. Fransa qarışıq iqtisadiyyata sahibdir. MBu ölkədə müxtəlif sahələr üzrə çoxlu özəl və yarı-özəl bizneslər mövcuddur.
Dünyanın səkkizinci ən böyük ÜDM-i 2,3 trilyon ABŞ dolları ilə İtaliyaya məxsusdur. O, həm də avrozonanın üçüncü ən böyük iqtisadiyyatıdır. İtaliyanın iqtisadiyyatı və inkişaf səviyyəsi regionlar üzrə xeyli fərqlənir. Ölkənin şimalında daha inkişaf etmiş, sənayeləşmiş iqtisadiyyat, cənubunda isə az inkişaf etmiş bölgələr üstünlük təşkil edir.
Braziliya 2,3 trilyon ABŞ dolları ilə dünyanın doqquzuncu ən böyük iqtisadiyyatına və Cənubi Amerikanın birinci iqtisadiyyatına malikdir. Braziliyanın şaxələnmiş iqtisadiyyatı ağır sənayedən ibarətdir. Xüsusilə burada təyyarə və avtomobil istehsalı daha çox inkişaf edib. O cümlədən mineral və enerji resurslarına görə də zəngindir. Ölkədə, həmçinin böyük kənd təsərrüfatı sektoru var və bu, onu qəhvə və soya fasulyəsinin əsas ixracatçılarından birinə çevirir.
Kanada 2,2 trilyon ABŞ dollarlıq ÜDM-lə dünyanın onuncu digər böyük iqtisadiyyatına sahib ölkədir. Bu ölkənin yaxşı inkişaf etmiş enerji sektoru var. Kanada kəşf edilmiş neft ehtiyatlarına görə dünyada üçüncü yerdədir. Ölkənin ABŞ-la azad ticarət əlaqələri nəticəsində, hər il Kanada ixracatının 77 faizi ABŞ bazarına gedir. ABŞ-la sıx əlaqələrinə görə Kanada Birləşmiş Ştatlar kimi nəhəng ölkənin böyük iqtisadiyyatı ilə paralel şəkildə inkişaf edir.
Elçin Zaman, «İki sahil»