Cari ilin yanvar-mart aylarında Azərbaycan ilə Çin arasında ticarət əməliyyatlarının həcmi 1,104 milyard ABŞ dolları təşkil edib.
“İki sahil” Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 75 milyon ABŞ dolları və ya 7,3% çoxdur.
Hesabat dövründə Çinlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,73%-ni təşkil edib. Beləliklə, Çin hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında üçüncü yeri tutub.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Çinə məhsul ixracı 29,1 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 milyon ABŞ dolları və ya təxminən 25,4% çoxdur.
Hesabat dövründə Çindən Azərbaycana məhsul ixracı 1,075 milyard ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon ABŞ dolları və ya təxminən 7% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞ dolları və ya 21,9% azdır.
İxracın payına 5,402 milyard ABŞ dolları, idxalın payına isə 4,005 milyard ABŞ dolları düşüb. Son bir ildə ixrac 984 milyon ABŞ dolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya 29,3% azalıb.
Nəticədə xarici ticarətdə 1,398 milyard ABŞ dolları məbləğində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 675 milyon ABŞ dolları və ya 1,9 dəfə çoxdur.