BMT-nin Baş katibi Antoniu Quterriş artan ehtiyaclar və azalan maliyyə səbəbindən təşkilatın humanitar fəaliyyətinin çökmək ərəfəsində olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə o, BMT-nin humanitar komponentinin islahatı ilə bağlı təkliflərini təqdim edərkən bildirib.
"Humanitar fəaliyyət çökmək, iflasa uğramaq ərəfəsindədir. Ehtiyaclar həmişəkindən daha böyükdür, lakin BMT sisteminin humanitar əməliyyatları üçün maliyyə azalır. Cəsarətli, sistemli dəyişikliklərin vaxtı çatıb", - Quterriş "BMT 80" təşəbbüsü üzrə keçirilən Baş Assambleya iclasında deyib.
O, həmçinin yardımı daha sürətli, daha sərfəli və daha etibarlı çatdırmaq məqsədi daşıyan altı bənddən ibarət yeni humanitar paktdan danışıb. Buraya BMT-nin vahid mövqeyini təmin etmək, cavab planlarını sadələşdirməklə bürokratiyanı azaltmaq və daha qənaətcil satınalma və logistikaya nail olmaq məqsədilə əsas humanitar agentliklərin təchizat zəncirlərini inteqrasiya etmək üçün yeni Birgə Humanitar Diplomatiya Təşəbbüsü daxildir.
Bundan əlavə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Ümumdünya Ərzaq Proqramı, BMT-nin Uşaq Fondu və Beynəlxalq Miqrasiya Təşkilatı kimi qurumlar üçün ofis məkanından tutmuş avtomobil parkına və təhlükəsizlik sistemlərinə qədər ümumi xidmətlərdən istifadənin genişləndirilməsi təklif edilir. Plan həmçinin yeni Birgə Humanitar Məlumat Mərkəzinin yaradılmasını və qida, sağlamlıq və qidalanma sahələrində proqramların təkrarlanmasının aradan qaldırılmasını tələb edir.