Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən PEMPAL Xəzinədarlıq üzrə Təcrübə Birliyinin (TCOP) illik plenar iclasında iştirak edib.
Nazirlikdən “İki sahil”ə bildirilib ki, plenar iclasın açılışında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru, PEMPAL TCOP İcra Komitəsinin hazırkı sədri Nazim Qasımzadə tədbirin məqsədləri, regional əməkdaşlığın əhəmiyyəti və xəzinədarlıq sistemlərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran məqsədlər barədə məlumat verib.
Tədbir çərçivəsində iştirakçıların gündəliyə uyğun olaraq müxtəlif mövzuları əhatə edən təqdimatları dinlənilib, ekspertlərin iştirakı ilə müxtəlif ölkələrin qabaqcıl təcrübələri, beynəlxalq təşkilatların yanaşmaları və gələcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb.
Dövlət Xəzinədarlıq Agentliyinin əməkdaşlarının Azərbaycanın dövlət maliyyəsinin rəqəmsallaşdırılması mövzusunda etdikləri təqdimatda ölkəmizdə xəzinədarlığın rəqəmsal transformasiyası, inteqrasiya olunmuş maliyyə idarəetmə sistemlərinin inkişafı, süni intellektin tətbiqi və innovativ həllərin maliyyə idarəçiliyinə gətirdiyi üstünlüklərdən bəhs olunub.
Sonda Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyinin Xəzinədarlıq Xidməti Komitəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalanıb.