Psixoloq tövsiyəsi: Sağlam psixoloji inkişaf üçün açıq ünsiyyət, balanslı həyat tərzi və streslə mübarizə vərdişləri vacibdir
Zaman dəyişdikcə gəncliyin qarşısına çıxan psixoloji sınaqlar da dəyişir. Müasir gənc artıq yalnız təhsil və karyera uğrunda deyil, eyni zamanda, emosional dayanıqlıq, sosial balans və mənəvi rahatlıq uğrunda da mübarizə aparır. İnformasiya bolluğu, sosial mediada süni ideal obrazların diktəsi, uğur təzyiqi və sürətli həyat ritmi gənclərin daxili sabitliyinə təsir edən əsas amillərdəndir. Belə bir dövrdə gənclərin psixoloji sağlamlığı təkcə fərdi məsələ deyil, cəmiyyətin mənəvi inkişaf göstəricisinə çevrilib.
Cəmiyyətin psixoloji sağlamlığının əsas sütunu olan gənclərin düşüncə və duyğu tarazlığını qorumaq, onlara sağlam dəstək mexanizmləri təqdim etmək bu gün strateji vaciblik daşıyır. Elə buna görə də “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə bugünkü gənclərin psixoloji vəziyyəti, informasiya əsrinin doğurduğu yeni çağırışlar və ailə–məktəb mühitinin bu prosesdə rolu barədə danışdıq.
-Bugünkü gənclərin psixoloji sağlamlığını ən çox hansı çağırışlar təhdid edir?
-Gənclərin psixoloji sağlamlığını təhdid edən ən mühüm çağırışlardan biri informasiya bolluğudur. Sosial şəbəkələrdə daim müqayisə mühitində qalmaq, süni uğur və xoşbəxtlik obrazları ilə üzləşmək gənclərdə özünə inamsızlıq, sosial təcrid və depressiv əhval formalaşdırır. Eyni zamanda, təhsil və karyera sahəsində yüksək gözləntilər, uğursuzluq qorxusu, işsizlik və sosial təminatsızlıq da ciddi stress amilləridir. Regionlarda yaşayan gənclərdə isə əlavə olaraq təhsil, məşğulluq və asudə vaxt imkanlarının məhdudluğu onların psixoloji rifahına təsir göstərir. Daha çox rast gəlinən problemlərə emosional gərginlik, narahatlıq pozuntuları, diqqət və motivasiya çətinlikləri, həmçinin özünüifadə və ünsiyyət bacarıqlarında zəiflik daxildir. Təəssüf ki, bəzən gənclər bu problemləri ailə və ya peşəkar mütəxəssislə bölüşmək əvəzinə təkbaşına həll etməyə çalışır, bu da vəziyyəti dərinləşdirə bilir. Bu səbəbdən, gənclərə psixoloji maarifləndirmə, dəstək mexanizmləri və sağlam ünsiyyət mühitləri təqdim olunmalıdır ki, onlar qarşılaşdıqları çətinlikləri daha sağlam şəkildə idarə edə bilsinlər.
– Pandemiyadan sonra gənclərin emosional vəziyyətində hansı əsas dəyişikliklər müşahidə olunur?
– Pandemiya dövrü gənclərin emosional vəziyyətinə ciddi təsir göstərdi. Sosial təcrid, uzunmüddətli ev şəraiti, ünsiyyətin məhdudlaşması və qeyri-müəyyənlik hissi onlarda narahatlıq, tək qalmaq qorxusu və sosial bacarıqlarda zəifləmə kimi hallara səbəb oldu. Onlayn təhsilə keçid motivasiyanın azalmasına, diqqət dağınıqlığına və ümumi psixoloji yorğunluğa gətirib çıxardı. Bu dəyişikliklərin bir hissəsi zamanla aradan qalxa bilər, lakin vaxtında psixoloji dəstək göstərilmədikdə, uzunmüddətli depressiya və sosial adaptasiya çətinliklərinə çevrilə bilər. Buna görə də gənclərin maarifləndirilməsi və sosial fəallığa cəlbi xüsusi əhəmiyyət kəsb edir.
– Sosial media və onlayn mühit gənclərin psixoloji durumuna necə təsir göstərir?
– Sosial media gənclərin psixoloji vəziyyətinə həm müsbət, həm də mənfi təsir göstərə bilər. Mənfi tərəfi ondan ibarətdir ki, gənclər sosial şəbəkələrdə daim başqaları ilə müqayisə aparır, “ideal həyat” obrazlarını izlədikcə öz dəyərlərini kiçildir və nəticədə stress, narahatlıq, özgüvən itkisi yaranır. Eyni zamanda, informasiya bolluğu emosional yorğunluğa və diqqət dağınıqlığına səbəb olur. Bununla yanaşı, sosial medianın faydalı yönləri də az deyil — düzgün istifadə olunduqda, o, özünüifadə, bilik və bacarıqların inkişafı, eyni maraqlı insanlarla əlaqə və motivasiya üçün geniş imkanlar yaradır. Əsas məsələ balansı qorumaq, sağlam məzmun seçmək və real ünsiyyətə üstünlük verməkdir.
– Gənclərin gələcəklə bağlı qorxuları və təzyiqlərlə başa çıxmaq bacarığı necə formalaşır? Bu prosesdə valideyn və müəllimlərin rolu nə dərəcədə önəmlidir?
–Gənclərin gələcəklə bağlı qorxuları əsasən iki qaynaqdan yaranır: birincisi, ailə və cəmiyyətin onlardan yüksək gözləntiləri, ikincisi isə özlərinin uğursuzluq qorxusu. Təhsil, karyera və sosial statusla bağlı təzyiqlər gənclərdə gərginliyi artırır, bəzən isə gələcəyə inamı zəiflədir. Bu təzyiqlərlə mübarizə bacarığı uşaqlıqdan formalaşır. Ailədə anlayış, dəstək və səmimi ünsiyyət mühiti varsa, gənclər daha dözümlü, emosional baxımdan sabit və adaptasiya qabiliyyətli olurlar. Əksinə, sərt tənqid və reallıqdan uzaq gözləntilər onların özünəinamını zədələyir. Müəllimlərin də rolu mühümdür. Onlar yalnız bilik ötürən deyil, həm də motivasiya və psixoloji dəstək mənbəyidirlər. Sağlam müəllim–şagird münasibəti gənclərin problemlərlə mübarizə və qərarvermə bacarıqlarını gücləndirir. Ümumilikdə, ailə və məktəbdə formalaşan psixoloji təhlükəsizlik mühiti gənclərin gələcəklə bağlı qorxularını azaltmağın əsas açarıdır.
– Ailələr və məktəblər gənclərin psixoloji rifahını qorumaq üçün hansı addımları ata bilərlər? Bununla bağlı uğurlu nümunələr varmı?
– Ailə və məktəb gənclərin psixoloji rifahının iki əsas dayağıdır. Ailə mühitində açıq ünsiyyətin, qarşılıqlı anlayışın və emosional dəstəyin olması gəncin özünü dəyərli hiss etməsinə şərait yaradır. Valideynin tənqiddən çox dinləməsi, maraqlarını təşviq etməsi və onunla keyfiyyətli zaman keçirməsi psixoloji sabitlik üçün çox vacibdir. Məktəblərdə isə psixoloji xidmətlərin gücləndirilməsi, müəllimlərin şagirdlərin emosional vəziyyətinə diqqət yetirməsi, zorakılıq və mobbing hallarının qarşısının alınması mühüm rol oynayır. Uğurlu təcrübələr arasında “Məktəb psixoloqu–şagird klubları” modelini göstərmək olar. Bu yanaşma gənclərin həm fərdi, həm də qrup şəklində özlərini ifadə etmələrinə və sosial bacarıqlarını inkişaf etdirmələrinə şərait yaradır. Nəticə etibarilə, ailə, məktəb və cəmiyyətin birgə dəstəyi gənclərin sağlam psixoloji inkişafını təmin edən əsas faktordur. Gənclərin psixoloji rifahı yalnız fərdi məsələ deyil, həm də ümumi sosial məsuliyyətdir.
-Depressiya və narahatlıq kimi problemləri erkən mərhələdə tanış etmək üçün hansı əlamətlərə diqqət yetirmək lazımdır?
– Depressiya və narahatlıq kimi problemləri erkən mərhələdə tanımaq son dərəcə vacibdir. Çünki vaxtında müdaxilə vəziyyətin dərinləşməsinin qarşısını alır. Bu problemlərin ilkin əlamətləri əsasən gündəlik davranışlarda özünü göstərir.
Depressiyanın başlanğıc əlamətləri:
- Əvvəllər maraq göstərdiyi fəaliyyətlərdən uzaqlaşmaq;
- Davamlı yorğunluq və enerji itkisi;
- Əhvalın səbəbsiz enməsi, tez-tez kədərli və ya əsəbi görünmək;
-Yuxu və iştah rejimində dəyişikliklər;
- Özünü dəyərsiz hiss etmə və ya həddindən artıq özünütənqid.
Narahatlığın (anksiyetenin) ilkin göstəriciləri:
- Daimi gərginlik və səbəbsiz narahatlıq hissi;
- Konsentrasiya çətinliyi, diqqətin tez yayınması;
-Bədən reaksiyaları – tərləmə, ürəkdöyünmə, nəfəs darlığı;
-Sosial mühitlərdən çəkinmə və ya tamamilə uzaqlaşma.
Ailələr bu əlamətləri gündəlik ünsiyyət zamanı müşahidə edə bilərlər. Əgər gənc birdən-birə özünə qapanır, dostlardan uzaqlaşır, tez əsəbiləşir və ya əvvəlki maraqlarını itirirsə, bu, artıq bir “siqnal”dır. Belə hallarda valideynlərin ən düzgün addımı tənqid və məcburiyyət deyil, anlayışla dinləmək, dəstək göstərmək və zərurət olduqda mütəxəssisə yönləndirməkdir.
– Gənclər arasında psixoloqa müraciət etməyə qarşı stereotiplər mövcuddur. Bunları aradan qaldırmaq üçün nə tövsiyə edərdiniz?
– Doğrudur, psixoloqa müraciətlə bağlı gənclər arasında hələ də müəyyən stereotiplər qalmaqdadır. Bəzən bu addımı zəiflik, “psixoloji problemli olmaq” kimi qəbul edirlər. Halbuki bu, yanlışdır. Stereotipləri aradan qaldırmaq üçün bir neçə istiqamət önəmlidir:
-Maarifləndirmə: Məktəblərdə, universitetlərdə və ictimai platformalarda psixoloji sağlamlığın əhəmiyyətini izah edən tədbirlər təşkil olunmalıdır. İnsanlar anlamalıdırlar ki, psixoloqa müraciət etmək diş həkiminə və ya terapevtə getmək qədər təbii bir prosesdir.
-Müsbət nümunələrin paylaşılması: Uğurlu insanların psixoloq dəstəyindən faydalandıqları barədə açıq danışmaları bu prosesi normallaşdırır.
-Anonim və əlçatan xidmətlər: Gənclər çox vaxt “məni kim görəcək?” qorxusundan çəkinirlər. Onlayn konsultasiyalar və pulsuz və ya münasib qiymətli xidmətlər bu baryeri azalda bilər.
-Ailə və müəllim dəstəyi: Əgər valideyn və müəllim psixoloqa müraciəti pozitiv qarşılayırsa, gənclər də bunu daha rahat qəbul edirlər.
Ən əsası, psixoloqa müraciəti “problemdən qaçış” deyil, “özünü tanıma və inkişaf prosesi” kimi təqdim etmək lazımdır. Bu yanaşma cəmiyyətdəki stereotipləri tədricən aradan qaldırır.
– Müasir çağırışlar fonunda gənclərin gündəlik həyatlarında tətbiq edə biləcəkləri sadə, amma təsirli psixoloji texnikalar hansılardır?
-Müasir dövrün sürətli tempi və informasiya yükü gənclərdən həm emosional, həm də zehni davamlılıq tələb edir. Gündəlik həyata inteqrasiya oluna bilən bir neçə sadə, amma təsirli texnika vardır. Gərginlik anında 3–4 dəfə dərin nəfəs almaq ürək döyüntüsünü və narahatlığı azaldır. Hər gün ən azı 10 dəqiqəni telefonsuz və sakit mühitdə keçirmək zehni balansın bərpasına kömək edir. Gün ərzində baş vermiş 2–3 xoş hadisəni yazmaq, diqqəti neqativ düşüncələrdən uzaqlaşdırır. Sadə gəzintilər və ya idman hərəkətləri həm bədənə, həm də beyinə müsbət təsir göstərir. Böyük hədəfləri kiçik addımlara bölmək motivasiyanı artırır və uğursuzluq qorxusunu azaldır. Dostlarla və ailə üzvləri ilə açıq ünsiyyət isə emosional yükü yüngülləşdirir. Əsas olan bu texnikaları davamlı şəkildə tətbiq etməkdir, çünki psixoloji sağlamlıq da fiziki sağlamlıq kimi gündəlik qayğı və məşq tələb edir.
–Uzunmüddətli psixoloji sağlamlığı qorumaq üçün gənclərin həyatında hansı vərdişlər və strategiyalar daha effektivdir?
–Uzunmüddətli psixoloji rifahı təmin etmək üçün gənclərin həyatında ardıcıl və balanslı vərdişlər formalaşdırılmalıdır. Yuxu rejiminə riayət, sağlam qidalanma və müntəzəm fiziki aktivlik emosional sabitliyi gücləndirir. Planlı həyat tərzi stresi azaldır və məhsuldarlığı artırır. Ailə və dostlarla səmimi münasibətlər psixoloji davamlılığın əsas dayaqlarıdır. Kitab oxumaq, yeni bacarıqlar öyrənmək və maraq dairəsinə uyğun fəaliyyətlər insanın özünü dəyərli hiss etməsinə kömək edir. Meditasiya, nəfəs məşqləri və idman gündəlik gərginliyi azaldır. Sosial şəbəkələrdən ölçülü istifadə və real ünsiyyət isə psixoloji rifahı qoruyur. Ən vacibi isə problemləri gizlətmək əvəzinə paylaşmaq, çətinlikləri böhran deyil, inkişaf fürsəti kimi qəbul etməkdir. Bu, uzunmüddətli psixoloji sağlamlığın ən güclü təminatıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”