17 oktyabr 2025 10:15
85

Füzuli həm keçmişin acılarını, həm də gələcəyin ümidlərini daşıyır

Azərbaycan tarixində şanlı səhifələrdən biri olan 2020-ci il Vətən müharibəsi zamanı işğaldan azad edilən bölgələrdən biri də Füzuli rayonu olmuşdur. Bu rayonun azadlığı, həm hərbi baxımdan strateji, həm də siyasi və mənəvi cəhətdən xüsusi əhəmiyyət kəsb edir.

Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayonun mərkəzi və kəndləri ciddi dağıntılara məruz qaldı, yüzlərlə sakin şəhid oldu, minlərlə insan doğma yurdlarından didərgin düşdü. Rayonun sosial infrastrukturu, tarixi abidələri və yaşayış evləri tamamilə dağıdıldı, ərazi minalarla çirkləndirildi.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Füzuli istiqamətində şiddətli döyüşlər aparıldı və düşmənin möhkəmlənmiş müdafiə xətti yarıldı.

17 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək Füzuli şəhərinin və bir sıra kəndlərin işğaldan azad edildiyini elan etdi. Həmin gün azad edilən yaşayış məntəqələri sırasında Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri də var idi.

Müharibənin sonunadək Füzuli rayonunun ümumilikdə 62 yaşayış məntəqəsi azad olundu.

Füzuli rayonunun azad olunması Azərbaycan Ordusunun Şuşa və Xankəndi istiqamətində irəliləməsinə mühüm zəmin yaratdı. Rayondakı möhkəmləndirilmiş düşmən müdafiə xətlərinin yarılması, əməliyyatın gedişinə ciddi təsir göstərdi.

İşğaldan azad edilən kimi Füzuli rayonuna Ərazilərin Bərpası üzrə Koordinasiya Qərargahı daxil oldu. 2020-ci ilin sonlarında:

Mina təmizləmə əməliyyatları başladı. ANAMA və digər mütəxəssislər genişmiqyaslı təmizləmə apardı.

Füzuli şəhərinin master planı hazırlandı və yeni şəhərsalma siyasəti çərçivəsində icraata başlanıldı.

Füzuli şəhərində “Ağıllı şəhər” konsepsiyası tətbiq edilən ilk bölgələrdən biri oldu.

Yeni infrastruktur layihələri həyata keçirildi. Onların arasında Füzuli Beynəlxalq Hava Limanı, avtomobil yolları və yaşayış komplekslərinin tikintisi xüsusi yer tutur.

Füzuli rayonunun işğaldan azad olunması Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı. Bu, təkcə torpaq üzərində suverenliyin bərpası deyil, həm də tarixi ədalətin, milli qürurun və gələcəyə olan ümidin təcəssümüdür. Füzuli artıq dağıntıların yox, dirçəlişin, təhlükəsizliyin və inkişafın simvoluna çevrilməkdədir. Bugünkü Füzuli – həm keçmişin acılarını, həm də gələcəyin ümidlərini daşıyır.

Naibə Piriyeva,
264 N-li məktəb-liseyin müəllimi