17 oktyabr 2025 01:26
95

Su anbarı, qaz anbarı, indi də enerji anbarı…

«AzərEnerji»nin Batareya Saxlanc Sistemləri layihəsi MDB məkanında ən müasir innovasiyadır

Dünyada su, neft və qaz anbarlarının yaradılması faktları yüz illərdir mövcuddur. Onların yaradılmasında məqsəd artıq məhsulların toplanaraq dar günlərdə istifadəsinə və məhsul bolluğunun yaradılmasına zəmin hazırlamaqdır. Ancaq son dövrlərdə daha bir strateji məhsulun- enerji məhsullarının saxlanc anbarlarının yaradılması isə yeni ixtiradır. «AzərEnerji»nin reallaşdırdığı bu layihə Batareya Saxlanc Sistemləri adlanır. Bununla da ölkəmizin enerji sektorunda yeni mərhələ başlayır.

Hazırda  «AzərEnerji» tərəfindən paytaxta yaxın 500 kilovoltluq «Abşeron» yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq «Ağdaş» yarımstansiyasının ərazisində ümumilikdə  gücü 250 meqavat, tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır. Artıq yerlərdə lazımi tikinti işləri görülür və elementlərin sifariş əsasında istehsal edilərək sahəyə gətirilməsi üzrə işlər aparılır. Bu həcmdə sistemlərin tətbiqi təkcə Azərbaycanda deyil, bütövlükdə MDB məkanında ilk olacaq.

Qeyd edək ki, Batareya Saxlanc Sistemlərinin yaradılması enerji sistemin dayanıqlığının yüksəldilməsi, tezliyin stabilliyi, BOEM-lərdə kəsintilərinin azaldılması, aktiv güc çatışmazlığının kompensasiyası, pik yüklərin qarşılanması, Günəşin batma saatlarında yük qrafikinin hamarlanması, qəza zamanı enerjisistemin sıfırdan bərpası baxımından olduqca əhəmiyyətlidir. Bu sistemlərin tətbiqi Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirməklə yanaşı, həm də enerji sistemimizin qonşu ölkənin sinxron zonası ilə paralel və ada rejimlərində etibarlı işləməsini təmin edəcək.

Qeyd edək ki, 2027-ci ilə qədər ölkədə yaradılacaq 2 qiqavat gücündə Günəş və külək elektrik stansiyalarını şəbəkəyə inteqrasiya etmək məqsədilə «AzərEnerji» tərəfindən hazırda genişmiqyaslı proqram həyata keçirilir. Proqram çərçivəsində enerji saxlanc texnologiyalarının tətbiqi ilə yanaşı, ölkədə əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün respublikanın ən böyük yarımstansiyalarından biri - 500/330 kV-luq  və 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətləri çəkilir.

«AzərEnerji» tərəfindən  həyata keçirləcək ikinci yenilik AZURE layihəsidir. Layihəyə əsasən, Azərbaycanda ən böyük qovşaq yarımstansiyası tikilir. Qeyd edək ki, AZURE layihəsinin icra olunmasında əsas məqsəd Azərbaycanda tikilən 2 qeqavat bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirməkdir. Buna görə də ölkədə əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün ən böyük yarımstansiyalardan biri - 500/330 kV-luq «Nəvahi» Enerji Qovşağı tikilir. Qovşaqdan ölkənin müxtəlif istiqamətlərinə 500 və 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətləri çəkilir.

Dünya Bankı və «Masdar» şirkəti layihəni maliyyələşdirməkdə maraqlı tərəflərdir. Qeyd edək ki, tikilən yeni yarımstansiyanın  330 kilovoltluq,  o cümlədən Nəvahidən Abşerona 500 kilovotluq,  «Biləsuvar» və «Bankə» Günəş Elektrik stansiyalarına 330 kilovoltluq ötürmə xətlərinin çəkilməsi işi artıq yekunlaşmaqdadır. Bu işlər isə «AzərEnerji» ASC-nin daxili imkanları və  dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

Elçin Zaman, «İki sahil»