17 oktyabr 2025 22:57
176

Dövlət Statistika Komitəsində Keyfiyyəti İdarəetmə Sisteminin Tətbiqi: ISO 9001 standartı və GSBPM modelinin sintezi

Müasir dövrdə məlumat cəmiyyətinin əsas dayaqlarından biri olan rəsmi statistika yalnız informasiya bazası funksiyasını yerinə yetirmir, həm də dövlət siyasətinin planlaşdırılmasında, strateji qərarların qəbulunda, ictimai nəzarətin həyata keçirilməsində və vətəndaşların məlumatlandırılmasında mühüm rol oynayır. Bu səbəbdən statistik məlumatların dəqiqliyi, etibarlılığı və keyfiyyəti onların istifadə dəyərini birbaşa müəyyən edən əsas göstəricilər sırasındadır. Bu şəraitdə rəsmi statistika orqanlarının rolu daha da artır. Cəmiyyətin, dövlət qurumlarının və beynəlxalq təşkilatların etibarlı statistik məlumatlara olan tələbi keyfiyyətli və şəffaf statistik istehsal sisteminin mövcudluğunu zəruri edir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ölkədə statistika sahəsində dövlət siyasətini və tənzimlənməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olmaqla sosial, iqtisadi, demoqrafik və ekoloji sahələr üzrə rəsmi statistik məlumatları beynəlxalq standartlara uyğun, vahid metodologiya əsasında formalaşdıraraq ölkədə qərarvermə proseslərinin elmi əsaslara söykənməsini təmin edir. Dövlət Statistika Komitəsi öz səlahiyyətinə aid olan məsələlər üzrə müəyyən olunmuş qaydada xarici ölkələrin statistika orqanları ilə və beynəlxalq təşkilatlarla beynəlxalq hüquq normalarına müvafiq əlaqələr yaradır, onlarla əməkdaşlıq haqqında müqavilələr bağlayır və bu sahədə Azərbaycan Respublikasını təmsil edir, beynəlxalq səviyyədə konfrans, müşavirə və seminarlar təşkil edir, habelə hökumətlərarası və qeyri-hökumət beynəlxalq təşkilatlarının təşkil etdikləri tədbirlərdə iştirak edir. Bu baxımdan 3-cü Beynəlxalq Statistika Forumunun məhz Bakı şəhərində təşkili təsadüfi deyil. “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusuna həsr olunmuş bu beynəlxalq Forum dünya ölkələrinin statistik sistemlərinin modernləşdirilməsi, innovativ texnologiyaların tətbiqi, fikir və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb. Eyni zamanda, bu cür tədbirlər beynəlxalq səviyyədə statistikada vahid yanaşmaların formalaşdırılmasına, metodoloji əməkdaşlığın genişləndirilməsinə və statistik idarəetmənin keyfiyyətinin yüksəldilməsinə töhfə verir, statistika sahəsində beynəlxalq təcrübələrin müzakirəsi və ölkələrarası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyev Forum iştirakçılarına ünvanladığı müraciətdə xüsusi vurğulamışdır: - “Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu mötəbər tədbir milli statistika sistemlərinin inkişafı, qlobal statistik təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində müxtəlif ölkələrin statistika qurumlarının, beynəlxalq təşkilatların və elmi dairələrin nümayəndələrinin bir araya gəlməsi statistika sahəsində qabaqcıl bilik və təcrübələrin bölüşülməsi, eləcə də birgə layihələrin təşviqi üçün əlverişli mühit yaradacaqdır.”

Dövlət Statistika Komitəsi ölkə başçısının bu və digər çağırışlarına cavab olaraq, statistik məlumatların keyfiyyətinin təmin olunması və davamlı yaxşılaşdırılması məqsədilə Keyfiyyəti İdarəetmə Sisteminin (KİS) qurulması və nəticədə keyfiyyətli rəsmi statistika məlumatlarının əldə olunması istiqamətində mühüm addımlar atmış və gələcəkdə də təkmilləşdirmə işlərini həyata keçirəcəkdir. KİS-in əsas məqsədi yalnız statistik məlumatların düzgünlüyünü texniki baxımdan təmin etmək deyil, eyni zamanda, statistik istehsal proseslərinin planlaşdırılması, sənədləşdirilməsi və optimallaşdırılmasını da əhatə edir. Son illərdə statistik istehsal proseslərinin effektivliyinin artırılması, KİS-in tətbiqi, metaməlumatların işlənməsi və statistika orqanlarının potensialının gücləndirilməsi prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu yanaşma milli statistika sisteminin davamlı inkişafını təmin etməklə yanaşı, beynəlxalq əməkdaşlıq və məlumatların müqayisəliliyini də gücləndirir, həm milli, həm də beynəlxalq səviyyədə statistik təcrübələrin paylaşılması və yeni layihələrin təşviqi baxımından əhəmiyyətli rol oynayır.

Keyfiyyətli statistika yalnız düzgün rəqəmlər deyil. Bu, həm də istifadəçilərin ehtiyaclarına uyğun, vaxtında təqdim edilən, müqayisə oluna bilən və rahat şəkildə əldə edilən məlumatlardır. KİS-in tətbiqi statistik məlumatlara olan ictimai və beynəlxalq etimadın artması, resurslardan daha səmərəli istifadə olunması, təkrarlanan xətaların (uyğunsuzluqların) qarşısının alınması və proseslərin optimallaşdırılması, istifadəçiyönümlü statistika siyasətinin həyata keçirilməsi, beynəlxalq standartlara uyğunluq kimi üstünlükləri təmin edir.

Dövlət Statistika Komitəsi fəaliyyətində keyfiyyətin idarə olunması sistemlərinin tətbiqinə önəm vermiş, beynəlxalq standartlar və modellər əsasında islahatlar həyata keçirmişdir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində rəsmi statistika sistemləri yalnız məlumatların toplanması və yayımı ilə kifayətlənmir, həm də bu proseslərin keyfiyyət standartlarına uyğun şəkildə idarə olunmasını təmin edən sistemlərlə dəstəklənir. Azərbaycanın rəsmi statistika sistemində də bu istiqamətdə sistemli tədbirlər görülmüş və keyfiyyətin idarə olunması sahəsində beynəlxalq standartların tətbiqinə başlanmışdır. Dövlət Statistika Komitəsində KİS-in qurulmasına 2010-cu ildə Avropa İttifaqının Statistika Bürosu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi mühüm beynəlxalq təşkilatlar tərəfindən 2010-cu ildə aparılmış “Azərbaycan Respublikasının Rəsmi statistika sisteminin Qlobal Qiymətləndirilməsi”ndən sonra başlanılmışdır. İlkin olaraq keyfiyyət sahəsində siyasət və məqsədlər bəyan edilmiş, ən yüksək səviyyədə - ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nda keyfiyyətin idarə olunması sisteminin tətbiqinə dair tədbirlər nəzərdə tutulmuş, bilavasitə Komitə sədrinə tabe olan, keyfiyyətin idarə edilməsi sisteminin sertifikatlaşmaya hazırlanması və sistemin işlək vəziyyətdə saxlanması və s. səlahiyyətləri olan rəhbərliyin keyfiyyət üzrə nümayəndəsi təyin edilmiş, zəruri qərarların qəbul edilməsi üçün Keyfiyyət üzrə Əlaqələndirmə Şurası yaradılmış, metodoloji-nəzəri əsaslar hazırlanmış, sistemli daxili audit mexanizmləri formalaşdırılmış və 2013-cü ildən Dövlət Statistika Komitəsi Aparatının struktur bölmələrində audit proqramı və audit planına əsasən keyfiyyəti idarəetmə sisteminin daxili auditləri təşkil edilməyə başlanılmışdır.

2016-cı ildən etibarən yenilənmiş ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq sənədlərin tərtibatının, təsdiqinin, tətbiqinin, qeydiyyatının, onlarda dəyişikliklərin edilməsinin, daxili auditlərin təşkilinin və nəticələrinin sənədləşdirilməsinin, uyğunsuzluqların aşkar edilməsinin, təhlilinin, onların aradan qaldırılması və təkrar baş verməməsi üçün görülən təshihedici və qabaqlayıcı tədbirlərin, istifadəçilərin məmnunluğunun, onlarla əks-əlaqələrin təşkilinin və KİS-in rəhbərlik tərəfindən təhlilinin qaydalarını müəyyənləşdirən altı sənədləşdirilmiş prosedur (“İnformasiyanın sənədləşdirilməsi”, “Daxili auditlər”, “Uyğunsuzluqların və təshihedici tədbirlərin idarə edilməsi”, “Risklərin və imkanların idarə edilməsi”, “Rəhbərlik tərəfindən təhlil” və “İstifadəçilərlə əks-əlaqələrin idarə edilməsi”), həmçinin “Keyfiyyət üzrə vəsait” təkmilləşdirilmişdir. KİS-in əhatə dairəsinin genişləndirilməsi istiqamətində əsaslı işlər görülmüş, Dövlət Statistika Komitəsi kollegiyasının müvafiq qərarları ilə bir çox fəaliyyət planları hazırlanmış və uğurla həyata keçirilmişdir.

Dövlət Statistika Komitəsi statistika sistemində səmərəli idarəetmə sistemini təşkil etdiyi və məlumatların keyfiyyətinin təmin olunması sahəsində beynəlxalq təcrübə əsasında ümumi qayda və standartları tətbiq etdiyi üçün keyfiyyətin idarə edilməsi sahəsində son illərdə bir çox uğurlara nail olmuşdur. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsindəki fəaliyyətinin ən yeni ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi Beynəlxalq Standartının tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə sınaq, təftiş və sertifikatlaşdırma sahəsində dünya liderlərindən olan İsveçrənin “SGS” şirkəti  ilə müqavilə bağlanmışdır. “SGS” şirkətinin audit qrupu tərəfindən ilk dəfə 2017-ci ilin mart ayında sertifikatlaşdırma auditi həm Dövlət Statistika Komitəsi aparatının şöbələrində, həm də KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanında aparılmış və nəticədə Komitənin aparatı və 13 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. Daha sonra sertifikatlaşdırma auditi 2020-ci ilin mart ayında keçirilmiş və bu dəfə də audit həm Komitənin aparatının şöbələrində, həm də KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında aparılmışdır. Nəticədə Komitənin aparatı ilə yanaşı daha 17 yerli statistika orqanı da “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. Sonuncu sertifikatlaşdırma auditi isə 2023-cü ilin fevral ayında keçirilmiş və Komitənin aparatı ilə yanaşı, 45 yerli statistika orqanı da “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. Növbəti sertifikatlaşdırma mərhələsində Komitənin Aparatı ilə yanaşı bütün yerli statistika orqanlarının sertifikatlaşdırılması qarşıya hədəf kimi qoyulmuşdur.

Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartının tətbiqi ilə paralel statistika qurumları üçün rəsmi statistikanın istehsalına dair tələb olunan proseslərin müəyyən edilməsi və izahı üçün çevik vasitə kimi qəbul olunan “Statistik Biznes-Prosesin Ümumi Modeli”nin (GSBPM) də tətbiqi həyata keçirilir. GSBPM 2009-cu ilin aprel ayında BMT-nin Avropa İqtisadi Komissiyası, Avropa İttifaqının Statistika Bürosu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən birgə hazırlanmış beynəlxalq modeldir. Modelin əsas məqsədi rəsmi statistikanın hazırlanma mərhələlərini standartlaşdırmaq, nizamlamaq və ölkələrarası müqayisə imkanlarını artırmaqdır. Dövlət Statistika Komitəsi 2012-ci ildə bu modelin Azərbaycan versiyasını hazırlamış və bir neçə dəfə təkmilləşdirmişdir. Milli versiyada sonuncu təkmilləşdirmədən sonra GSBPM-in Azərbaycan versiyası  8 mərhələ, 44 altproses və 110 subaltprosesdən ibarət olmaqla hazırlanmışdır. Modelin əsas üstünlükləri kimi statistik proseslərin xəritələndirilməsi, proseslər arasında ardıcıllıq, daxili audit və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi qeyd oluna bilər.  Modelin qeyri-xətti və iterativ xarakteri, təhlil və təkmilləşdirmə üçün də geniş imkanlar yaradır.  Dövlət Statistika Komitəsində bu iki beynəlxalq modelin ISO 9001:2015 və GSBPM-in inteqrasiya olunmuş şəkildə tətbiqi, rəsmi statistika sisteminin modernləşdirilməsində əsas rol oynayır. ISO 9001 standartı və GSBPM statistik istehsalın keyfiyyətinin təmin olunması və optimallaşdırılması sahəsində qarşılıqlı tamamlayıcı rol oynayır. Hər iki yanaşma fərqli aspektlərdən statistik proseslərin inkişafına töhfə verir: Belə ki,

1. Qaydaların sənədləşdirilməsi və riayət olunması / Proseslərin sistemləşdirilməsi və standartlaşdırılması - ISO 9001-in əsas prinsiplərindən biri proseslərin sənədləşdirilməsi və müəyyən edilmiş qaydalara riayət edilməsidir. Bu, statistik istehsalda ardıcıllığı və keyfiyyətin qorunmasını təmin edir. Eyni zamanda, GSBPM-in proses modeli proseslərin sistemləşdirilməsini və standartlaşdırılmasını təmin edərək, statistik əməliyyatların aydın və təkrarlanabilən formada həyata keçirilməsinə imkan yaradır.

2. PDCA (“Plan–Do–Check–Act”) tsikli ilə təkmilləşdirmə / Proseslərarası əlaqələrin idarə olunması - ISO 9001-də PDCA tsikli statistik istehsal proseslərinin davamlı təkmilləşdirilməsinə yönəldilmişdir. Bu yanaşma planlaşdırma, həyata keçirmə, yoxlama və təkmilləşdirmə mərhələlərini əhatə edir. GSBPM isə proseslərarası əlaqələri müəyyən edir və idarə etmə mexanizmləri vasitəsilə müxtəlif statistik proseslərin bir-biri ilə effektiv şəkildə əlaqələndirilməsini təmin edir.

3. Risk əsaslı yanaşma ilə potensial uyğunsuzluqların qarşısının alınması / İstehsal, təhlil, yayım və qiymətləndirmənin çevik şəkildə təşkili - ISO 9001 risk əsaslı idarəetmə prinsiplərini tətbiq edərək potensial uyğunsuzluqların əvvəlcədən müəyyən edilməsini və onların qarşısının alınmasını hədəfləyir. GSBPM isə istehsal, təhlil, yayım və qiymətləndirmə mərhələlərini çevik şəkildə təşkil etməklə statistik məhsulların vaxtında və düzgün təqdim olunmasına şərait yaradır.

4. İstifadəçi məmnunluğunun ölçülməsi və artırılması / Məlumatların istifadəyə yararlılığının artırılması - ISO 9001 istifadəçi məmnuniyyətini əsas göstərici kimi qəbul edir və statistik məlumatların keyfiyyətini artırmaq üçün bu göstəricini ölçməyi tövsiyə edir. GSBPM isə məlumatların istifadəyə yararlılığını artırmağa yönəlmiş prosesləri müəyyən edir ki, nəticədə statistika orqanlarının istehsal etdiyi məlumatlar istifadəçilər üçün daha faydalı və əlçatan olur.

Beləliklə, ISO 9001 standartı ilə GSBPM modeli birlikdə tətbiq olunduqda, statistik istehsal proseslərinin planlaşdırılması, idarə olunması və optimallaşdırılmasında həm keyfiyyət, həm də effektivlik baxımından mühüm nəticələr əldə edilir. Bu yanaşma milli statistika sistemlərinin davamlı inkişafını və beynəlxalq müqayisəliliyi dəstəkləyir və hər iki modelin birgə tətbiqi keyfiyyətli statistik məhsulun istehsalına, resursların optimallaşdırılmasına və idarəetmə proseslərinin şəffaflığına zəmin yaradır.

Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilən keyfiyyətin idarə olunması sahəsində islahatlar həm təşkilati baxımdan, həm də informasiya istehsalı baxımından rəsmi statistikanın inkişafına mühüm töhfələr vermişdir. ISO 9001 beynəlxalq standartının və GSBPM modelinin paralel və əlaqələndirilmiş tətbiqi nəticəsində proseslər sistemli və sənədləşdirilmiş şəkildə aparılır, uyğunsuzluqlar operativ aşkar edilir və aradan qaldırılır.

Vüqar Məmmədəlizadə,
Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri