Türkiyənin “Vodafone” opratoru 5G mobil elektron rabitə infrastrukturunun yaradılması, istismarı, əməliyyat və xidmətlərin icazəsi üzrə hərracda qalib olub.
“İki sahil” “Anadolu” agentliyinə istinadla xəbər verir ki, hərracda 627 milyon dollar ödəyən “Vodafone” 700 MHz tezliyində 2*10 MHz və 3,5 GHz tezliyində isə 80 MHz-nin sahibi olub.
Bu sərmayə 2025-ci ildə Türkiyəyə edilən üçüncü ən böyük beynəlxalq investisiya olub.
“Vodafone”un Türkiyə üzrə baş icraçı direktoru (CEO) Engin Aksoy 5G üzrə hərracı Türkiyənin rəqəmsal tarixində dönüş nöqtəsi kimi dəyərləndirib: “5G üçün 5 ildir intensiv hazırlaşırıq. Dünyanın 5 qitəsində 5G təcrübəsi olan bir operator olaraq, bu texnologiyaya hazırıq”.
E.Aksoy ölkədə quraşdırdıqları bütün avadanlıqların 5G üçün hazır və uyğun olduğunu vurğulayıb.
“Hazırda ölkədə ən yüksək infrastruktura malik olan operatoruq. İnfrastrukturun bu üstünlükləri sayəsində müştərilərimizə 2026-cı il aprelin 1-dən 81 şəhər və 922 rayonu əhatə edən ən yaxşı 5G təcrübəsini təklif edəcəyik. Müştərilərimizlə 5G-nin gəlişini qeyd etmək üçün xüsusi bir kampaniya hazırlayırıq. Texnoloji investisiyalarımızı davam etdirərək müştərilərimizə güclü 5G infrastrukturu ilə keyfiyyətli iş təcrübəsi təqdim edəcəyik”,- deyə o bildirib.