18 oktyabr 2025 11:44
119

Ukraynada “layk” qalmaqalı

Donetskin “Şaxtyor” klubunda daxili araşdırma aparılır. 

“İki sahil” bu barədə Ukrayna mətbuatlna istinadən xəbər yayıb. Buna komandanın və Ukrayna millisinin müdafiəçisi Yefim Konoplyanın sosial şəbəkədəki fəaliyyəti səbəb olub.

Klubun strateji inkişaf və kommunikasiya direktoru Yuri Sviridov bildirib ki, məsələ barədə məlumatlıdırlar və artıq bütün detalları araşdırmağa başlayıblar. Onun sözlərinə görə, yoxlama başa çatdıqdan sonra nəticələr ictimaiyyətə və azarkeşlərə təqdim olunacaq.

Araşdırma futbolçunun bir sıra “layk”ları ilə əlaqədardır. Belə ki, Konoplya Rusiya ilə bağlı məzmun daşıyan bir neçə videonu bəyənib. Həmin paylaşımlardan biri “Rusiya zəiflər  üçün deyil” başlığı ilə vaqonun qapısının bağlandığı kadr idi. Digər videolarda isə rusiyalı futbolçu Roman Pavlyuçenkonun “Tottenhem”dəki oyun epizodları və Vladimir Jirinovskinin çıxışı yer alıb.

Tənqidlərdən sonra Yefim Konoplya bütün “layk”larını silib və məsələyə özü də münasibət bildirib. O, etdiklərinə görə üzr istəyib və hər zaman Ukraynanı dəstəklədiyini vurğulayıb və haqqında yayılan dezinformasiyalara inanmamağa çağırıb.