Azərbaycanda biznes mühiti tədricən genişlənir, gəlir səviyyəsi və sektor müxtəlifliyi baxımından müsbət dinamika müşahidə olunur.
“İki sahil” xəbər verir ki, bu barədə "Deloitte" şirkətinin "Azərbaycanda biznes perspektivləri" adlı makroiqtisadi hesabatının doqquzuncu buraxılışındakı "Biznes etimadı sorğusu"nda qeyd edilib.
Hesabata əsasən, Azərbaycanda keçirilən 2024-cü il "Biznes etimadı sorğusu"nun nəticələri ölkədə iqtisadi aktivlik və şirkətlərin strukturunda maraqlı tendensiyaları göstərib. Sorğuda iştirak edənlərin ən böyük hissəsi, yəni 28 %-i bank və maliyyə xidmətləri sektorunda fəaliyyət göstərir. Onları ticarət və nəqliyyat-logistika sahələrində çalışan şirkətlər izləyir - hər biri 15 %.
Sorğunun nəticələri nümayiş etdirir ki, 2024-cü ildə biznes sektorları arasında daha balanslı və müxtəlif təmsilçilik formalaşıb. Əgər ötən illərdə sorğunun iştirakçıları əsasən maliyyə və enerji sektorlarından idisə, bu dəfə texnologiya, tikinti və kənd təsərrüfatı sahələrindən də iştirak payı artıb: tikinti – 8 %, kənd təsərrüfatı – 3 %, mədən və metallurgiya – 3 %, digər sənayelər – 10 %.
Maliyyə göstəriciləri nöqteyi-nəzərdən isə şirkətlərin 38 %-i illik 5 milyon manatdan az gəlir əldə etdiyini bildirib. 10–100 milyon manat və 100–500 milyon manat gəlir diapazonunda olan şirkətlər isə hər biri 15 % təşkil edib. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 44 % idi. Bu da bəzi şirkətlərin gəlir strukturunda artımın müşahidə olunduğunu göstərir. 500 milyon-1 milyard manat və 1 milyarddan çox illik gəliri olan şirkətlər 10 % təşkil edib.