18 oktyabr 2025 16:23
99

Yunanıstan Azərbaycandan neft idxalını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana 268,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 500,7 min ton xam neft və neft məhsulları ixrac edilib.

“İki sahil” xəbər verir ki, bu haqda Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 123,7 milyon ABŞ dolları və ya 1,9 dəfə, həcm baxımından isə 272 min ton və ya 2,2 dəfə çoxdur.

Hesabat dövründə Yunanıstan Azərbaycan neftinin ən çox ixrac edildiyi ölkələr arasında 7-ci yeri tutub.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları dəyərində 16,996 milyon ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.

Məlumatlara görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard ABŞ dolları və ya 18,8 faiz, həcmi baxımından isə 613 min ton və ya 3,5 faiz azdır.