19 oktyabr 2025 20:08
90

1-ci Uşaq Rəqs Festivalı keçiriləcək

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari il noyabrın 16-da Bakıda 1-ci Uşaq Rəqs Festivalı keçiriləcək.

Azərbaycan İncəsənət Məktəbindən “İki sahil”ə verilən məlumata görə, festival 6–14 yaş arasında olan uşaqlar üçün nəzərdə tutulub. İştirakçılar səhnədə həm Azərbaycan xalq rəqslərini, həm də müxtəlif dünya xalqlarının rəqslərini təqdim edəcəklər.

Festivalın əsas məqsədi uşaqlar arasında rəqs sənətinə marağı artırmaq, onların yaradıcılıq bacarıqlarını üzə çıxarmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək və mədəni müxtəlifliyi təşviq etməkdir.

Tədbir çərçivəsində qrup çıxışları nəzərdə tutulur. Proqram rəngarəng musiqilər, milli geyimlər və bədii kompozisiyalarla zəngin olacaq.

1-ci Uşaq Rəqs Festivalı balaca rəqqaslar üçün öz istedadlarını nümayiş etdirmək, səhnə təcrübəsi qazanmaq və müxtəlif mədəniyyətləri daha yaxından tanımaq üçün möhtəşəm bir imkan yaradacaq.

Festivalın sonunda iştirakçılara diplom, sertifikat və hədiyyələr təqdim oluncaq.