21 oktyabr 2025 09:28
121

EBRD sentyabr ayında Azərbaycandakı layihələr üzrə əməliyyat aktivlərini artırıb

Bu il sentyabrın 30-na Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfelinin dəyəri 948 milyon avro qiymətləndirilir.

“İki sahil” EBRD-ə istinadən xəbər verir ki, bunun 37 %-i özəl sektorun payına düşür.

Hazırda 35 layihə aktivdir.

Avqustun 31-i ilə müqayisədə portfelin dəyəri 0,63 % və yaxud 6 milyon avro azalıb.

EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi – 89 %-i və yaxud 842 milyon avrosu davamlı infrastrukturun inkişafına, 6 %-i və yaxud 56 milyon avrosu maliyyə institutlarına, 5 %-i və yaxud 49 milyon avrosu isə korporativ sektora yönəldilib.

Ümumilikdə EBRD Azərbaycanda 200 layihənin həyata keçirilməsinə 3,661 milyard avro investisiya yatırıb.

Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri sentyabrın 30-na 703 milyon avro təşkil edib. Bu, avqustun 31-i ilə müqayisədə 0,9 % və yaxud 6 milyon avro çoxdur.

Ötən il EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,6 % və yaxud 43 milyon avro çoxdur.