İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “azexport.az” portalının təşkilatçılığı ilə Belarus Respublikasının topdansatış şəbəkəsinin nümayəndələri Azərbaycana səfər ediblər.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Lənkəran, Astara, Göyçay və Hacıqabul rayonlarında yerli sahibkarlarla görüşlər keçirilib, məhsulların yetişdirildiyi bağlarda və saxlama kameralarında yaradılan müasir imkanlar barədə əyani təqdimatlar olub.
Belarusun topdansatış şəbəkəsinin direktoru Andrey Drozden bildirib ki, rəhbərlik etdiyi şirkət İspaniya, Türkiyə, Misir, Özbəkistan kimi ölkələrdən məhsul idxal edir. Azərbaycanda qurulan bağlar və məhsulların keyfiyyəti isə ziyarətçilərin xüsusi marağına səbəb olub: “Xüsusilə sitrus məhsulları və xurma çox dadlı və keyfiyyətlidir. Hesab edirəm ki, Azərbaycanda yetişdirilən sitrus məhsulları dünya bazarında olan məhsullar sırasında dadına və keyfiyyətinə görə ilk üçlükdə yer alır. “Azexport” portalının dəstəyi ilə baş tutan bu səfər və imzalanan müqavilələr hələ başlanğıcdır. Biz artıq növbəti həftələrdə qənnadı və konservləşdirilmiş məhsulların istehsalı ilə tanış olmaq və sifarişləri təyin etmək üçün səfərləri planlamağa başlamışıq”- deyə A. Drozden əlavə edib.
“Azexport” portalı indiyədək “Gələn Alıcı Missiyası” (İncoming Buyer Mission) proqramı çərçivəsində ABŞ, Türkiyə, Rusiya, Kanada və Avropa İttifaqı ölkələrindən şirkət nümayəndələrini yerli sahibkarlar və infrasturkturla tanış edib və Azərbaycan məhsullarının bu ölkələrdə tanıdılmasını dəstəkləyib. Görüşlərdə iştirak etmək istəyən şirkətlər portala müraciət edə bilərlər. Görüşlərin təşkili və portal tərəfindən təqdim olunan xidmətlərə dair xidmət haqqı və ya komissiya nəzərdə tutulmur.