22 oktyabr 2025 11:21
161

Yeni stansiyalar, strateji hədəflər və ixrac potensialı - Yaşıl enerji gücü reallığa çevrilir

Bütün bu proseslərin strateji məntiqi Prezident İlham Əliyevin müəyyən etdiyi regional siyasətin əsas prioritetləri ilə tam uzlaşır

Energetika Nazirliyinin operativ məlumatları göstərir ki, cari ilin ötən doqquz ayı ərzində Azərbaycanda enerji sektorunda baş verən dəyişikliklər artıq təkcə daxili istehsal göstəriciləri ilə deyil, həm də bərpaolunan enerji üzrə əldə olunan konkret nəticələrlə xarakterizə olunur. Hesabat dövründə ölkənin bərpa olunan enerji mənbələri üzrə ümumilikdə 724,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bunun 30,5 milyon kilovat-saatı külək, 511 milyon kilovat-saatı Günəş, 183,3 milyon kilovat-saatı isə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun payına düşür. Bu rəqəmlər Azərbaycanın enerji balansında yaşıl enerjinin payının sabit artım trayektoriyasına qədəm qoyduğunu göstərir.

Bu artım təsadüfi deyil. Son illər ərzində ölkənin bərpaolunan enerji potensialının iqtisadi dövriyyəyə gətirilməsi istiqamətində mühüm layihələr icra olunub. Bu baxımdan 2023-cü ilin oktyabrında istismara verilən “Qaradağ” Günəş Elektrik Stansiyası xüsusi önəm daşıyır. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilən və 230 meqavat gücə malik bu stansiyada artıq 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu, Azərbaycanda Günəş enerjisindən əldə edilən elektrik enerjisi istehsalının 10 dəfə artması deməkdir və ölkənin bu sahədə gələcək strateji hədəflərinə real təkan verir.

Energetika naziri Pərviz Şahbazov Energetiklər Günü ilə bağlı rəsmi dövlət qəzetində dərc edilmiş məqaləsində bildirib ki, Yaxın zamanlarda Cəbrayılda 50 MVt gücündə "Şəms" və 50 MVt gücündə "Üfüq" Günəş Elektrik Stansiyalarının (GES) təməlinin qoyulması planlaşdırılır. Qarşıdakı iki il ərzində Azərbaycanda yaşıl enerjinin inkişafının birinci mərhələsi - 10 Günəş və Külək elektrik stansiyasının inşası - planlaşdırıldığı kimi uğurla başa çatdırılacaq. Bu çərçivədə 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası ilin sonunadək tam istismara veriləcək. Stansiyanın Abşeron və Xızı sahələrində ümumilikdə 37 turbindən 35-i (227,5 MVt gücündə) artıq quraşdırılıb, qalan 2 turbinin quraşdırılması isə oktyabr ayı ərzində tamamlanacaq. İki 220/33 kV-luq yarımstansiyadan biri inşa edilərək istismara tam hazır vəziyyətə gətirilib, digər yarımstansiyanın tikintisi isə gələn ay yekunlaşacaq.

Eyni zamanda, ölkədə daha iri həcmli enerji obyektlərinin inşası davam etdirilir. Pərviz Şahbazovun sözlərinə görə, bu yaxınlarda ilk panelin quraşdırılması ilə 445 MVt gücündə "Biləsuvar" Günəş Elektrik Stansiyasının tikintisinə də start verilib. 943 mindən çox paneldən ibarət olacaq bu stansiya regionun ən böyük günəş enerji layihələrindən biridir. Həm bu stansiya, həm də 315 MVt gücə malik "Neftçala" Günəş Elektrik Stansiyasının gələn il, 240 MVt gücündə "Abşeron-Qaradağ" Külək Elektrik Stansiyası və qoyuluş gücü 240 MVt olan "Şəfəq" Günəş Elektrik Stansiyasının isə 2027-ci ildə istismara verilməsi planlarına uyğun işlər ardıcıl şəkildə davam etdirilir.

Nazir bildirib ki, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi - 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının tikintisinə başlanması və əlavə 100 MVt-lıq günəş enerjisi layihəsi üzrə də intensiv işlər görülür: "Bu layihələrin reallaşması sayəsində 2027-ci ilə qədər quraşdırılmış gücdə bərpa olunan enerjinin payı 33,7 faizə çatacaq. Stansiyalardan əldə olunacaq illik 5 milyard kVt·saat elektrik enerjisi hesabına 1 milyard kubmetrdən çox təbii qaza qənaət və 2,3 milyon tonadək emissiya azalması təmin ediləcək.

Bərpaolunan enerji sektorunda əldə olunan uğurlar təkcə istehsal güclərinin artırılması ilə məhdudlaşmır, həm də enerji sisteminin idarə olunması və şəbəkə infrastrukturunun gücləndirilməsi ilə paralel şəkildə həyata keçirilir. Nazir Pərviz Şahbazovun sözlərinə görə, bu məqsədlə, 2 qiqavatlıq bərpaolunan enerji gücünün idarə olunması üçün 250 meqavat gücündə və 500 meqavat-saat saxlama həcminə malik batareya sistemlərinin qurulması, həmçinin Dünya Bankının dəstəyi ilə 1 qiqavat gücündə günəş və külək elektrik stansiyalarının şəbəkəyə qoşulması üçün elektrik verilişi xətləri, habelə 500/300 kilovoltluq “Nəvahi” yarımstansiyası və əlaqələndirici xətlərin tikintisini ehtiva edən AZURE layihəsinin həyata keçirilməsi bu sahədə görülən əsas tədbirlərdəndir. Bütün bunlar isə 2030-cu ilədək bərpa olunan enerjinin quraşdırılmış gücdə payını 38 faizə yüksəltməkdir.

Azərbaycanın enerji siyasəti artıq daxili tələbatın ödənilməsi çərçivəsini aşır və ölkənin yaşıl enerji ixracatçısına çevrilməsi mərhələsinə daxil olur. Pərviz Şahbazovun açıqlamasına görə, planlaşdırılan 6 qiqavatdan çox gücün 4 qiqavatının 2032-ci ildən etibarən mərhələli şəkildə “Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixracına başlanması nəzərdə tutulur. Onun sözlərinə görə, Avropanı enerji və rəqəmsal kommunikasiya baxımından Qara dənizin hər iki sahilindən, eləcə də Xəzər dənizi regionu ilə birləşdirəcək layihənin texniki-iqtisadi əsaslandırmasının gələn ilin əvvəlində yekunlaşması gözlənilir. Artıq “GECO Green Energy Company” birgə müəssisəsi tərəfindən layihənin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin 10 illik inkişaf planına daxil edilməsi üçün müraciət olunub.

Bütün bu proseslərin strateji məntiqi Prezident İlham Əliyevin müəyyən etdiyi regional siyasətin əsas prioritetləri ilə tam uzlaşır. Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkan kimi inkişaf etdirmək siyasətinin prioritetləri ilə uzlaşan Trans-Xəzər Enerji Dəhlizi tarixdə ilk dəfə ölkələrimizin elektrik enerjisi sistemlərinin birləşdirilməsinə imkan yaradır.

Beləliklə, Azərbaycanın “yaşıl enerji” konsepsiyası artıq praktiki mərhələyə qədəm qoyub. Qısa müddətdə görülən konkret işlər, infrastrukturun gücləndirilməsi, beynəlxalq tərəfdaşlıqlar və ixrac yönümlü layihələr ölkəmizin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, regionda ekoloji sabitliyə, iqtisadi şaxələnməyə və yeni texnoloji sinerjilərin yaranmasına xidmət edir.

Nigar Orucova, “İki sahil”