22 may 2026 18:21
122

Paytaxtda 11.6 milyard manatlıq məhsul istehsal edilib və xidmət göstərilib

Bakı Şəhər Statistika İdarəsi birinci rübün sosial-iqtisadi yekunlarını açıqlayıb

Sənayenin inkişafı haqqında

2026-cı ilin yanvar-mart aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi 11,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 72,0 faizi mədənçıxarma, 23,6  faizi emal, 3,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 82,7 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,5 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 12,5 faiz təşkil  etmişdir.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 aprel  2026-cı il vəziyyətinə 503,7 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 36,9 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2026-cı ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin 79,8 faizini inşa, yenidənqurma və bərpa, 9,3 faizini əsaslı təmir, 6,3 faizini cari təmir, 4,6 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi tikinti işlərinin 85,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2026-cı ilin yanvar-mart aylarında  pərakəndə ticarət şəbəkəsində əhaliyə 9320,5 milyon manatlıq, o cümlədən  5174,8 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 4145,7 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2025-ci ilin müvafiq  dövrü ilə müqayisədə  pərakəndə ticarət dövriyyəsi real ifadədə 4,3 faiz, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 8,1 faiz artmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,4 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,5 faiz artmışdır. İstehlak məhsullarının 38,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,8 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.

İctimai iaşə

2026-cı ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,8 faiz artaraq 451,1 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 271,2 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 60,1 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2026-cı ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,1 faiz artaraq 2483,7 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 1844,5 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 74,3 faizini təşkil etmişdir.

Əməkhaqqı

2026-cı ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 1383,0 manat olmuşdur.     

Bakı Şəhər Statistika İdarəsi