26 noyabr 2026 08:08
59

“Fitch” "Cənub Qaz Dəhlizi"nin reytinqini “BBB-” səviyyəsində təsdiqləyib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” "Cənub Qaz Dəhlizi" qapalı səhmdar cəmiyyətinin uzunmüddətli emitent defolt reytinqini (IDR) sabit proqnozla “BBB-” səviyyəsində təsdiqləyib.

Agentliyin qeyd etdiyi kimi, “Fitch”in dövlətlə əlaqəli qurumlar (GRE) üçün metodologiyasına uyğun olaraq, "Cənub Qaz Dəhlizi"nin reytinqi Azərbaycanın suveren reytinqinə (sabit proqnozla “BBB-”) bərabərləşdirilib. Bu, "Cənub Qaz Dəhlizi"nin bütün borc öhdəliklərinin dövlət zəmanətləri ilə təmin olunması ilə əlaqədardır.

“Bu vəziyyətin bütün proqnoz dövrü ərzində davam edəcəyini gözləyirik”, – deyə “Fitch”in materiallarında bildirilir.

“İki sahil” xəbər verir ki, şirkətin müstəqil kredit profili (SCP) “bbb-” səviyyəsində qiymətləndirilir. Agentliyin qənaətinə görə, buna yüksək pul vəsaiti generasiyası, qazın nəqli üzrə uzunmüddətli müqavilələrdən əldə olunan gəlirlərin proqnozlaşdırıla bilməsi, fəaliyyət miqyasının genişliyi və çox güclü maliyyə profili şərait yaradır.

Bununla yanaşı, qeyd olunan üstünlüklər hasilat seqmentində qiymət dəyişkənliyi, “Şahdəniz” qaz-kondensat yatağının təbii tükənməsi, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyədəki kontragent riskləri və əməliyyat mühiti ilə bağlı məhdudiyyətlər səbəbindən müəyyən dərəcədə məhdudlaşır.

“Fitch”in məlumatına görə, 2026-cı il oktyabrın sonuna "Cənub Qaz Dəhlizi"nin bütün borc öhdəlikləri dövlət zəmanətləri ilə təmin edilib. Agentlik bu strukturun qorunacağını gözləyir ki, bu da şirkətin reytinqinin dövlətin reytinqinə bərabərləşdirilməsini şərtləndirir.

“Fitch” dövlətlə əlaqəli qurumların qiymətləndirilməsi metodologiyasını tətbiq edir, çünki Azərbaycan "Cənub Qaz Dəhlizi"ndə yekun qərarların qəbul edilməsi səlahiyyətinə malikdir. Dövlətin şirkətdə birbaşa payı 2025-ci ilin sonundakı 49 faizlə müqayisədə hazırda 36,5 faiz təşkil edir. Daha 51 faizlik pay tamamilə dövlətə məxsus Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) vasitəsilə nəzarətdə saxlanılır. SOCAR-ın reytinqi də sabit proqnozla “BBB-” səviyyəsindədir. Bundan əlavə, dövlət "Cənub Qaz Dəhlizi"nə birbaşa dəstək göstərir.

2026-cı ilin sentyabrında Azərbaycan "Cənub Qaz Dəhlizi"ndəki 12,5 faizlik iştirak payının Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) beynəlxalq investisiya bölməsi olan “XRG SGC Limited” şirkətinə satışını başa çatdırıb.

“Azərbaycan "Cənub Qaz Dəhlizi" üzərində nəzarəti və qərarların qəbul edilməsi səlahiyyətlərini qoruyacağı üçün reytinq qiymətləndirməsinin strukturu dəyişməyib. Sövdələşmə korporativ idarəetmə və texnologiyalar baxımından müsbət amildir. Bundan əlavə, "Cənub Qaz Dəhlizi" XRG-nin Xəzər regionundakı digər layihələrindən sinerji effekti əldə edə bilər”, – deyə “Fitch” qeyd edir.

Agentlik bildirir ki, İranla münaqişə zonasına coğrafi yaxınlığına baxmayaraq, münaqişə "Cənub Qaz Dəhlizi"nin aktivlərinə zərər vurmayıb. Şirkət logistika sahəsində də hər hansı fasilə ilə üzləşməyib.

Bununla yanaşı, "Cənub Qaz Dəhlizi" 2026-cı ildə neft və qaz qiymətlərinin gözləniləndən yüksək olmasından faydalanıb.

“Fitch”in qiymətləndirməsinə əsasən, "Cənub Qaz Dəhlizi"nin biznes profili fəaliyyət miqyasının genişliyi, coğrafi diversifikasiya və qazın hasilatı, nəqli və satışını əhatə edən şaquli inteqrasiya ilə dəstəklənir.

Belə ki, şirkət “Şahdəniz” qaz-kondensat yatağında 16,02 faizlik iştirak payına malikdir. Qazın Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Cənubi Avropaya nəqli seqmentində isə "Cənub Qaz Dəhlizi" Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) 51 faizinə, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) 21,02 faizinə və Trans-Adriatik Boru Kəmərinin (TAP) 20 faizinə sahibdir.

“Fitch” tariflərin indeksasiyası mexanizmlərini nəzərdə tutan uzunmüddətli müqavilələr sayəsində "Cənub Qaz Dəhlizi"nin qaz nəqlindən əldə etdiyi gəlirlərin yüksək proqnozlaşdırıla bilməsini vurğulayır.

“TANAP və TAP müqavilələrində, həmçinin nəql olunan həcmlərlə bağlı riskləri əhəmiyyətli dərəcədə aradan qaldıran “ship-or-pay” (nəql edilməsə belə, ödəniş) şərtləri nəzərdə tutulub”, – deyə agentliyin materiallarında bildirilir.

“Fitch” qaz nəqli seqmentinin EBITDA göstəricisinin (minoritar səhmdarlara ödənilən dividendlər nəzərə alınmadan) mütləq ifadədə sabit qalacağını proqnozlaşdırır. Bununla yanaşı, agentliyin hesablamalarına əsasən, həmin seqmentin "Cənub Qaz Dəhlizi"nin ümumi EBITDA göstəricisindəki payı 2025-ci ildəki təxminən 60 faizdən tədricən artaraq 2028-ci ildə 80 faizə çatacaq.