Görüşdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlığın gücləndirilməsi, ölkədə keyfiyyət infrastrukturunun inkişafı və ədalətli rəqabət mühitinin formalaşdırılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB), eləcə də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Agentliyin sədri Elnur Bağırov qurumun fəaliyyət istiqamətlərini əhatə edən rəqabət, dövlət satınalmaları, keyfiyyət infrastrukturu, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində həyata keçirilən tənzimləmə mexanizmləri barədə məlumat verib.
Həmçinin Türkiyə Respublikasının Ticarət Nazirliyi, Türkiyə Rəqabət Qurumu, o cümlədən Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) ilə mövcud əməkdaşlıq əlaqələri, həyata keçirilən birgə layihələr və qarşılıqlı təcrübə mübadiləsindən söz açılıb.
Bundan əlavə, sahibkarlıq subyektləri ilə açıq dialoqun və əməkdaşlığın önəmi vurğulanıb, dövlət-özəl tərəfdaşlığının möhkəmləndirilməsinin milli iqtisadiyyatın inkişafında vacib amil olduğu qeyd edilib.
Bu xüsusda özündə müasir hüquqi mexanizmləri ehtiva edən və sağlam rəqabət mühitinin formalaşdırılmasına xidmət edən Rəqabət Məcəlləsindən bəhs edilib. Bildirilib ki, Agentlik nümayəndələri müvafiq sahədə nəzəri və praktiki biliklərini artırmaq məqsədilə qardaş ölkədə rəqabət pozuntusu halları üzrə araşdırma metodları və işlərin qaldırılmasına dair təcrübə mübadiləsi proqramında fəal iştirak ediblər.
Habelə ölkədə keyfiyyət infrastrukturunun inkişafı, xüsusilə milli texniki reqlamentlərin qəbulu istiqamətində görülən işlərdən söz açılıb. Bildirilib ki, istehlak bazarında keyfiyyətli və təhlükəsiz qeyri-qida mallarının təmin olunması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən milli texniki reqlament layihələri qəbul olunub və Agentliyin rəsmi internet səhifəsində ictimai dinləmə və müzakirəyə çıxarılıb.
Görüş zamanı Agentliyin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) ölçmə imkanlarının genişləndirilməsi məqsədilə TÜBİTAK UME-nin dəstəyi ilə qurulan, eləcə də müasir avadanlıqlarla təchiz edilən laboratoriya şəbəkəsi barədə də məlumat verilib.
Daha sonra milli akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğun təkmilləşdirilməsi istiqamətində Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığı (APAC) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (İLAC) Agentliyin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) tamhüquqlu üzv qəbul olunduğu diqqətə çatdırılıb.
Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi və maarifləndirmə tədbirlərinin təşkili istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi məsələlərinə nəzər salınıb.