22 oktyabr 2025 23:16
154

SOCAR-da “İşin icrasına icazə” sistemi mühüm innovativ addımdır - İlham Şaban

Yeni elektron sistem təhlükəsizlik mədəniyyətinin inkişafına və istehsalatda şəffaflığın artmasına xidmət edir

Xəbər verildiyi kimi, SOCAR sağlamlıq və əməyin mühafizəsi sahəsində növbəti mühüm addım ataraq, şirkətin tarixində ilk dəfə “İşin icrasına icazə” sistemini elektron formada tətbiq etməyə başlayıb.

Bu yenilik istehsalat obyektlərində təhlükəsizliyin daha səmərəli təşkilinə və əməliyyat intizamının gücləndirilməsinə imkan verəcək Yeni elektron “İşin icrasına icazə” sistemi sənayedə aparıcı beynəlxalq şirkətlərdən biri tərəfindən hazırlanaraq SOCAR-da uğurla tətbiq edilib. Sistem işin planlaşdırılması, risklərin qiymətləndirilməsi və icra prosesinin izlənilməsi mərhələlərini vahid rəqəmsal platformada birləşdirir. Bu, təhlükəsizlik tələblərinin tam yerinə yetirilməsinə, resursların səmərəli istifadəsinə və qərarvermə proseslərinin operativliyinə imkan yaradır.

“İşin icrasına icazə” sistemi elektron formada ilk olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və qazçıxarma idarəsində tətbiq edilib. Layihə işə nəzarət prinsiplərinə əsaslanır və bütün əməliyyatların koordinasiyalı, nəzarət altında və müəyyən olunmuş qaydalar çərçivəsində icrasını təmin edir.

Elektron “İşin icrasına icazə” sisteminin tətbiqi ilə yanaşı, enerji sistemlərinin təcrid edilməsi (LOTO) mexanizmləri də yenilənib. Bu, əməliyyatlarda insan etibarlılığının yüksəldilməsinə, potensial risklərin vaxtında aradan qaldırılmasına və istehsalat proseslərinin daha təhlükəsiz şəkildə idarə olunmasına şərait yaradır.

Enerji məsələləri üzrə ekspert İlham Şaban “İki sahil”ə açıqlamasında bildirib ki, SOCAR-da “İşin icrasına icazə” sisteminin elektron formada tətbiqinə başlanılması şirkətin əməliyyat təhlükəsizliyi sahəsində mühüm innovativ addımı kimi qiymətləndirilməlidir. Ekspert bildirib ki, bu yenilik təhlükəsizlik mədəniyyətinin davamlı inkişafına, əməliyyat proseslərində şəffaflıq və məsuliyyətin artırılmasına xidmət edir: “SOCAR-ın istehsalat əməliyyatlarında “İşin icrasına icazə” sisteminin rəqəmsallaşdırılması sənaye təhlükəsizliyinə müasir yanaşmanın göstəricisidir. Bu addım təkcə idarəetmənin avtomatlaşdırılmasına deyil, həm də risklərin real vaxtda izlənilməsinə, insan faktoru ilə bağlı səhvlərin minimuma endirilməsinə imkan yaradır.”

İlham Şaban qeyd edib ki, elektron sistemin tətbiqi beynəlxalq təcrübəyə uyğun yanaşmadır və SOCAR-ın sənaye təhlükəsizliyi üzrə idarəetmə strukturunda keyfiyyətcə yeni mərhələnin əsasını qoyur: “Əvvəllər iş icazələrinin kağız daşıyıcılarda aparılması müəyyən vaxt itkisinə və nəzarət boşluqlarına səbəb olurdu. Elektron sistem isə bu prosesi tam şəffaf və nəzarət olunan müstəviyə keçirir. Nəticədə həm qərarvermə prosesi sürətlənir, həm də əməliyyat intizamı daha effektiv şəkildə təmin olunur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti innovativ həlləri və rəqəmsallaşdırmanı istehsalatda və idarəçilikdə tətbiqini dərinləşdirməklə özünün vaxt itkisini və proseslərin avtomatlaşdırılmasını sürətləndirir. SOCAR sturukturunda 50-yə yaxın müəssisə fəaliyyət göstərir. Baş ofisi Bakı şəhərində yerləşən SOCAR-ın Siyəzəndə fəaliyyət göstərən Neft və qazçıxarma idarəsi 150 km şimalda, digəri Şirvan şəhərində yerləşən 140 km cənubda, Xəzər dənizinin ortasında yerləşən “Neft Daşları”nda, Çilov adasında fəaliyyət göstərir. Coğrafi baxımdan müxtəlif ərazilərdə fəaliyyət göstərən müəssisələrdə istər iş icrasına icazələrin, istər təchizat məsələlərinin, istərsə də işə qəbulla bağlı müraciətlərin avtomatlaşdırılması vaxt itkisini kifayət qədər azaldır.”

Ekspertin sözlərinə görə, SOCAR bu təşəbbüslə sənayedə əməliyyat mükəmməlliyi və təhlükəsizlik dəyərlərinin uzlaşdırılması istiqamətində nümunəvi təcrübə yaradır: “Bu sistemin rəqəmsal platformaya keçirilməsi SOCAR-ın gələcəkdə süni intellekt və qabaqcıl analitika əsaslı təhlükəsizlik modellərinə keçidini asanlaşdıracaq. Şirkət yeni sistemi tətbiq etməklə göstərir ki, texnoloji inkişaf və təhlükəsizlik prinsipləri bir-birini tamamlayan strateji istiqamətlər kimi qəbul edilir.”

İlham Şaban əlavə edib ki, SOCAR-ın “İşin icrasına icazə” sisteminin elektron formata keçməsi şirkətin əməliyyat dayanıqlığını artırmaqla yanaşı, Azərbaycanın enerji sənayesində rəqəmsal idarəetmə mədəniyyətinin formalaşmasına da mühüm töhfə verir: “SOCAR-ın “İşin icrasına icazə” sistemini elektron formata keçirməsi şirkətin təhlükəsizlik və əməliyyat mükəmməlliyi sahəsində beynəlxalq standartlara uyğun fəaliyyətini nümayiş etdirir. Bu təşəbbüs həm təhlükəsizlik mədəniyyətinin dayanıqlı inkişafına, həm də rəqəmsal texnologiyaların əməliyyat idarəçiliyində effektiv tətbiqinə xidmət edir. SOCAR bu addımı ilə göstərir ki, innovasiyalar və təhlükəsizlik prinsipləri arasında balansın qorunması şirkətin strateji inkişaf prioritetlərindən biridir.”

Orxan Vahidoğlu, “İki sahil”